Argentinanın Buenos-Ayres əyalətində yerləşən Avellaneda şəhərində dünyanın ən uzun sendviçlərindən birini hazırlamaq cəhdi xaosla nəticələnib. Yerli “El Tano” restoranı 25 illiyi və 25 May — Argentina milli bayramı münasibətilə nəhəng “matambre a la pizza” sendviçi hazırlamağı planlaşdırıb. Tədbirin məqsədi təxminən 750 metrlik sendviçlə rekord müəyyənləşdirmək və onu minlərlə porsiyaya bölərək iştirakçılara paylamaq idi.
Təşkilatçılar rekord cəhdi üçün 1500 kiloqram mal əti, 1050 ədəd 75 santimetrlik çörək və 7500 yumurta hazırlayıblar. Argentina mediasının məlumatına görə, sendviç faktiki olaraq 700 metrə çatıb və 7000-dən çox porsiya üçün nəzərdə tutulub.
Lakin yeməyin paylanması gecikdikcə izdiham arasında narazılıq artıb. “Infobae” yazır ki, insanlar saatlarla gözlədikdən sonra bir qrup iştirakçı təhlükəsizlik baryerlərini aşaraq masalara doğru hücum edib və sendviçdən porsiyalar götürməyə başlayıb. Hadisə yerindən yayılan görüntülərdə insanların masaların ətrafında sıxlıq yaratdığı, itələşmə və qaçışların baş verdiyi görünür.
Təşkilatçılar daha sonra sosial şəbəkələrdə açıqlama yayaraq hadisədən təəssüfləndiklərini bildiriblər. Restoran rəhbərliyi günün böyük hissəsində ailələrin və iştirakçıların xoş atmosferdə tədbirə qatıldığını, lakin final hissəsində yaşananların “acı dad” buraxdığını qeyd edib. Onlar bəzi şəxslərin təkcə yeməyə yox, tədbirin quruluşunda istifadə olunan avadanlıqlara da ziyan vurduğunu və bəzi əşyaları apardıqlarını bildiriblər.
Hadisə Argentina və region mediasında geniş müzakirə olunub. Qastronomik festival ac iştirakçıların səbrinin tükənməsi ilə nəzarətdən çıxıb və rekord cəhdi sosial şəbəkələrdə “sendviç uğrunda hücum” kimi viral olub.