“Milan”da uğursuz mövsümdən sonra klubdaxili gərginliklə bağlı yeni detallar üzə çıxıb. “Corriere della Sera”-nın məlumatına görə, Zlatan İbrahimoviç və artıq komandadan göndərilən baş məşqçi Massimiliano Alleqri arasında mövsüm ərzində restoranda kəskin mübahisə yaşanıb. İddialara əsasən, tərəflər “Milan”ın üçüncü qapıçısının seçimi ilə bağlı fikir ayrılığı zamanı az qala əlbəyaxa olublar.
İtaliya mediasının yazdığına görə, mübahisə o qədər gərginləşib ki, həmin vaxt klubun baş direktoru Corco Furlani və idman direktoru İqli Tare tərəfləri fiziki şəkildə ayırmalı olub. “Corriere della Sera” hadisəni “Milan” daxilində uzun müddətdir yığılan narazılıqların açıq şəkildə üzə çıxması kimi təqdim edir.
“Milan” A Seriyasında beşinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazana bilmədikdən sonra Alleqrini və bir sıra rəhbər şəxsləri vəzifədən azad edib. Klubda Corco Furlani, İqli Tare və Cefri Monkadanın da göndərildiyi bildirilir.
İtaliya mənbələri yazır ki, bu kadr dəyişikliklərindən sonra İbrahimoviçin klub daxilində təsir imkanları arta bilər. “Football Italia” və İsveç mediası bildirir ki, “RedBird”-in baş məsləhətçisi kimi fəaliyyət göstərən Zlatan yeni idman layihəsinin formalaşdırılmasında, o cümlədən yeni baş məşqçi və idman direktoru seçimində daha aktiv rol oynaya bilər.
Yeni baş məşqçi postu üçün bir neçə namizədin adı hallanır. Daha əvvəl İtaliya mediası İbrahimoviçin “Barselona”nın sabiq baş məşqçisi Xavini əsas variantlardan biri kimi gördüyünü yazmışdı. “Milan”ın daha hücumameyilli və yenilikçi futbol oynadacaq məşqçi axtardığı bildirilir.