ABŞ Ermənistan seçkiləri öncəsi mövqeyini gücləndirir – ŞƏRH

Siyasi şərhçi Asif Nərimanlı Marko Rubionun İrəvan səfərini, ABŞ-Ermənistan sənədlərini və TRİPP layihəsinin Cənubi Qafqazdakı geosiyasi əhəmiyyətini şərh edir.

1

ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri və Ermənistanla imzalanan yeni sənədlər Cənubi Qafqazda geosiyasi proseslərin yeni mərhələyə keçdiyini göstərir. Siyasi şərhçi Asif Nərimanlının fikrincə, bu səfər təkcə Vaşinqton-İrəvan münasibətlərinin dərinləşməsi deyil, həm də Ermənistan seçkiləri, TRİPP layihəsi və region uğrunda təsir mübarizəsi baxımından mühüm siyasi mesajdır.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri və erməni həmkarı Ararat Mirzoyanla imzalanan sənədlər Vaşinqtonun Cənubi Qafqazdakı yeni regional planının mühüm mərhələsi kimi qiymətləndirilməlidir. Səfər zamanı ABŞ-Ermənistan Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası, mineralların hasilatı və emalı sahəsində memorandum imzalanıb, həmçinin TRİPP layihəsi üzrə çərçivə sazişi paraflanıb. Bu, Vaşinqtonun İrəvanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsində dərinləşdirdiyini göstərir.

Asif Nərimanlı hesab edir ki, əsas məqam sənədlərin məhz indi — Ermənistanda 7 iyun parlament seçkilərinə sayılı günlər qalmış imzalanmasıdır. Siyasi şərhçiyə görə, Rubionun səfəri ilk növbədə Nikol Paşinyan hakimiyyətinə siyasi dəstək mesajı kimi oxuna bilər. Dövlət katibinin İrəvanda Ermənistan rəhbərliyinin “daha parlaq və daha müstəqil gələcək” vizyonunu dəstəklədiklərini bildirməsi də bu kontekstdə diqqət çəkir.

Ekspertin fikrincə, Vaşinqton bu addımla Paşinyan komandasının yanında olduğunu nümayiş etdirir və ABŞ-Ermənistan münasibətlərinin gələcək trayektoriyasının mövcud hakimiyyətin siyasi kursu ilə bağlı olduğu mesajını verir. Nərimanlıya görə, bu, yalnız Rusiyaya deyil, həm də Ermənistan uğrunda təsir imkanlarını artırmağa çalışan digər Qərb aktorlarına ünvanlanan siqnaldır.

Siyasi şərhçi bildirir ki, ABŞ-ın ikinci hədəfi mümkün hakimiyyət dəyişikliyi ssenarisinə qarşı özünü sığortalamaqdır. Onun sözlərinə görə, seçkidən əvvəl sənədlərin imzalanması Vaşinqtona 7 iyundan sonra Ermənistanda fərqli siyasi konfiqurasiya yaransa belə, öz layihələrini və təsir mexanizmlərini qorumaq imkanı verir.

Asif Nərimanlı TRİPP layihəsinin Vaşinqton üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayır. Ekspertin fikrincə, bu layihə ABŞ üçün təkcə Cənubi Qafqazda dayaqlarını gücləndirmək deyil, həm də Orta dəhlizdə real iştirak qazanmaq, Avrasiyanın nəqliyyat şəbəkəsində strateji pay əldə etmək və Çinlə qlobal rəqabətdə üstünlük imkanlarını artırmaq deməkdir. TRİPP layihəsinin Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat xətti kimi təqdim olunması da onun regional əhəmiyyətini artırır.

Nərimanlının qənaətinə görə, Tramp Administrasiyası Ermənistanda seçkidən sonra hansı siyasi ssenarinin baş verməsindən asılı olmayaraq, TRİPP layihəsinin davam etdirilməsində maraqlıdır. Bu baxımdan, Rubionun İrəvan səfəri həm Paşinyana seçki öncəsi dəstək, həm də ABŞ-ın Cənubi Qafqazdakı uzunmüddətli mövqelərini möhkəmləndirmək gedişi kimi dəyərləndirilə bilər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.