Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman ölkəyə gəlib. Diplomat bu barədə “X” hesabında paylaşım edib. O, Azərbaycana Böyük Britaniyanın yeni səfiri kimi gəlməyin onun üçün böyük qürur olduğunu bildirib və ölkə ictimaiyyəti ilə tanış olmağı, birgə işləməyi səbirsizliklə gözlədiyini qeyd edib.
Böyük Britaniya hökumətinin rəsmi məlumatına görə, Dunkan Norman bu vəzifədə əvvəlki səfir Ferqyus Auldu əvəz edir. Onun Azərbaycandakı diplomatik missiyasına 2026-cı ilin mayında başlaması nəzərdə tutulmuşdu.
Dunkan Norman Britaniya diplomatik xidmətində uzun illər fəaliyyət göstərib. O, 2016–2021-ci illərdə Böyük Britaniyanın Albaniyadakı səfiri olub, daha əvvəl isə müxtəlif diplomatik və inzibati vəzifələrdə çalışıb. Norman 1998–2000-ci illərdə İrəvanda səfir müavini kimi də fəaliyyət göstərib.
Yeni səfirin Bakıya gəlişi Azərbaycan–Böyük Britaniya münasibətlərinin enerji, ticarət, regional təhlükəsizlik, iqlim və humanitar əməkdaşlıq kimi istiqamətlərdə davam etdiyi dövrə təsadüf edir.