Herzoq Netanyahuya əfvə baxmağı hələlik dayandırdı

İsrail Prezidenti İsxak Herzoq Benyamin Netanyahuya qarşı korrupsiya işləri üzrə əfv müraciətinə baxılmasını hələlik dayandırıb və əvvəlcə kompromis danışıqlarının nəticəsini gözləyəcək.

1

İsrail Prezidenti İsxak Herzoq Baş nazir Benyamin Netanyahuya qarşı korrupsiya işləri üzrə əfv müraciətinə hələlik baxmayacağını bildirib. Herzoqun ofisi açıqlayıb ki, prezident əfv məsələsini yalnız tərəflər arasında məhkəmədənkənar razılaşma və ya kompromis imkanları tükəndikdən sonra nəzərdən keçirəcək.

“Reuters”-in məlumatına görə, bu, Netanyahu ilə bağlı əfv qərarının yaxın zamanda verilməyəcəyi anlamına gəlir.

İsrail mediasının məlumatına görə, Herzoq Netanyahu işi üzrə tərəfləri kompromis danışıqlarına yönəltməyə çalışır. Prezidentin mövqeyi ondan ibarətdir ki, əfv məsələsinə keçməzdən əvvəl prokurorluq və müdafiə tərəfi arasında mümkün razılaşma variantları tam şəkildə müzakirə edilməlidir. “The Times of Israel” yazır ki, Herzoq bu mərhələdə Netanyahunun əfv müraciətini birbaşa rədd etməyib, lakin onun baxılmasını faktiki olaraq təxirə salıb.

KAN-ın məlumatına görə, prosesin dondurulmasının əsas səbəblərindən biri Netanyahunun kompromis və danışıqlar çağırışlarına cavab verməməsidir. İsrail ictimai yayımçısı bildirir ki, prezident tərəflər arasında razılaşma əldə olunmadan əfv məsələsini irəli aparmaq niyyətində deyil.

Netanyahu 2025-ci ilin noyabrında Herzoqa rəsmi əfv müraciəti etmişdi. O, korrupsiya işlərini siyasi motivli hesab edir və bütün ittihamları rədd edir. Baş nazir üç ayrı cinayət işi üzrə rüşvət, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları ilə mühakimə olunur. İsrail hüquq sistemində məhkəmə prosesi yekunlaşmadan əfv verilməsi presedentsiz və hüquqi baxımdan mübahisəli addım sayılır.

Əfv müraciəti İsrail daxilində ciddi siyasi mübahisələrə səbəb olub. Müxalifət nümayəndələri və hüquq müdafiə təşkilatları bildirirlər ki, Netanyahu günahını etiraf etmədən və siyasi həyatdan çəkilmədən əfv edilməməlidir. Netanyahu isə əfv prosesinin ölkədə parçalanmanı azaltmağa və dövlət idarəçiliyinə fokuslanmağa kömək edəcəyini iddia edir.