Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının — WUF13-ün təşkili ilə dayanıqlılıq, uzaqgörənlik və yüksək səviyyədə sadiqlik nümayiş etdirib. Bunu BMT-nin Məskunlaşma Proqramının — UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13-ün bağlanış mərasimində bildirib.
Rossbax qeyd edib ki, Azərbaycan dünyaya təkcə qurmaq bacarığını deyil, həm də bərpa və transformasiya etmək qabiliyyətini göstərib. Onun sözlərinə görə, WUF13 geniş beynəlxalq iştirak, tərəfdaşlıqların gücləndirilməsi və dayanıqlı şəhər inkişafı gündəliyinin irəli aparılması baxımından mühüm platforma olub.
UN-Habitat rəhbəri çıxışında qlobal mənzil probleminə də toxunub. O bildirib ki, mənzil bazarları insanların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir və dünyada milyardlarla insan qeyri-adekvat, təhlükəli və qiymət baxımından əlçatmaz yaşayış şəraitində qalır. Rossbaxın sözlərinə görə, Bakıdan verilən əsas mesaj ondan ibarətdir ki, növbəti onillik daha sürətli icra, nəticələrin geniş miqyasda tətbiqi və insanların həyatına real təsirlə yadda qalmalıdır.
O vurğulayıb ki, şəhər inkişafı sahəsində kollektiv fəaliyyət insanyönümlü yanaşmaya əsaslanmalıdır. WUF13 çərçivəsində dayanıqlı şəhər inkişafı, iqlim davamlılığı, inklüziv urbanizasiya və gələcəyin şəhərləri ilə bağlı yüzlərlə sessiya keçirilib. Forum müddətində ümumilikdə 580-ə yaxın sessiya təşkil olunub.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçirilib. Forumun əsas mövzusu “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” olub. Tədbir milli hökumətləri, şəhər rəhbərlərini, ekspertləri, icmaları və tərəfdaşları dayanıqlı urbanizasiya məsələlərini müzakirə etmək üçün bir araya gətirib.