İspaniyalı müdafiəçi Sezar Aspilikueta peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. AS nəşrinin məlumatına görə, 36 yaşlı futbolçunun son klubu İspaniyanın “Sevilya” komandası olub.
Navarralı futbolçu karyerasına “Osasuna” sistemində başlayıb və əsas komandada debüt etdikdən sonra 2010-cu ildə Fransanın “Marsel” klubuna keçib. 2012-ci ildə isə “Çelsi”yə transfer olunan Aspilikueta, London klubunda karyerasının ən parlaq dövrünü keçirib.
Aspilikueta “Çelsi”də 500-dən çox oyuna çıxıb, kapitan sarğısını daşıyıb və klubla Çempionlar Liqası, Avropa Liqası, Premyer Liqa, İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatı da daxil olmaqla bir sıra titullar qazanıb. “Çelsi”nin rəsmi saytında onun klubdan ayrılarkən 11 il ərzində 508 oyun keçirdiyi və 9 kubok qazandığı qeyd olunmuşdu.
“Çelsi”dən ayrıldıqdan sonra müdafiəçi “Atletiko Madrid”də çıxış edib, 2025-ci ilin yayında isə “Sevilya”ya keçib. “Sevilya”nın rəsmi saytında yayılan təqdimatda Aspilikuetanın komandaya təcrübəsi, liderlik keyfiyyətləri və elit səviyyədə qazandığı uğurlarla dəstək verəcəyi vurğulanmışdı.
Aspilikueta İspaniya millisində də 44 oyun keçirib və bir qol vurub. O, iki dünya çempionatında və bir Avropa çempionatında iştirak edib. “AS” yazır ki, karyerasını bitirdikdən sonra Aspilikueta DÇ-2026 zamanı BBC-də şərhçi kimi çalışacaq.