Evo Morales saxlanılma cəhdindən danışdı

Boliviyanın sabiq prezidenti Evo Morales onu saxlamaq üçün üç helikopterdən istifadə olunduğunu və əməliyyatda MKİ-nin iştirak etdiyini iddia edib.

Boliviyanın sabiq prezidenti Evo Morales ölkədə davam edən etirazlar fonunda son saxlanılma cəhdi ilə bağlı açıqlama verib. Morales iddia edib ki, onu saxlamaq üçün üç helikopterdən istifadə olunub və əməliyyat zamanı atəş açılıb. Onun sözlərinə görə, saxlanılma əməliyyatı çərçivəsində helikopterlərdən birini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi — MKİ idarə edib.

Bu barədə Latin Times” Moralesin televiziya müsahibəsinə və sosial şəbəkələrdə yayılan görüntülərə istinadən məlumat yayıb.

Morales bildirib ki, tərəfdarları ilə birlikdə “çətinliklə sağ qurtula bilib”. Sabiq prezident çıxışında Boliviya gənclərini “daxili və xarici düşmənləri tanımağa” çağırıb. Onun sözlərinə görə, daxili düşmənlər ölkədəki sağ qüvvələr, xarici düşmənlər isə “imperiya agentləri”dir. Bununla belə, Moralesin MKİ ilə bağlı iddiası müstəqil şəkildə təsdiqlənməyib.

Boliviyada son həftələrdə etirazlar genişlənib. Associated Press” yazır ki, Morales tərəfdarları Prezident Rodriqo Pasın istefasını tələb edən ümummilli etiraz hərəkatına qoşulublar. La-Pasda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verib, ölkənin müxtəlif bölgələrində yol blokadaları ərzaq, yanacaq və tibbi təchizatın çatdırılmasını çətinləşdirib.

Etirazların əsas səbəbləri arasında iqtisadi böhran, yanacaq və dollar qıtlığı, inflyasiya, həmçinin hökumətin subsidiyaları azaltmaq cəhdləri göstərilir. Boliviyada onlarla yol blokadası qeydə alınıb, bəzi banklar təhlükəsizlik səbəbindən La-Pasdakı filiallarını müvəqqəti bağlayıb, ABŞ və Avropa diplomatları isə tərəfləri sakitliyə və dialoqa çağırıblar.

Gərginlik Morales barəsində həbs qərarının yenidən gündəmə gəlməsindən sonra daha da artıb. Boliviya məhkəməsi mayın 12-də sabiq prezidenti məhkəməyə gəlmədiyinə görə hörmətsizlikdə təqsirli sayıb və onun barəsində həbs orderini yeniləyib. Morales yetkinlik yaşına çatmayan şəxslə bağlı cinayət işi üzrə ittiham olunur, lakin o, bu ittihamları siyasi təqib adlandırır.

Boliviya hakimiyyəti etirazların arxasında Morales tərəfdarlarının dayandığını iddia edir. Rəsmi şəxslər müxalifəti və Moralesə yaxın qrupları yol blokadalarını təşviq etməkdə ittiham edirlər. Hökumət bu blokadaların azı bir neçə ölüm halına, o cümlədən xəstələrin xəstəxanalara çatdırıla bilməməsinə səbəb olduğunu bildirib.