İlham Əliyev Tomaş Tarabanı qəbul edib

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavini Tomaş Tarabanı qəbul edib. Görüşdə Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı, enerji əməkdaşlığı və WUF13 müzakirə olunub.

43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib. Görüş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 çərçivəsində baş tutub. Bu barədə “Xalq qəzeti” məlumat yayıb. 

Dövlət başçısı ötən il Slovakiyaya səfərini, eləcə də Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfərini xatırladıb. Prezident İlham Əliyev son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfər etdiyini vurğulayaraq, bunun Azərbaycan ilə Slovakiya arasında fəal əməkdaşlığın göstəricisi olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan-Slovakiya dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirib, iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Görüşdə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.

Tomaş Taraba qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Slovakiyanın hər zaman Azərbaycanın yanında olduğunu deyib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb. Slovakiya rəsmisi həmçinin bildirib ki, ölkəsinə qaz lazım olduğu dövrdə Azərbaycan etibarlı təchizatçı kimi çıxış edib.

Prezident İlham Əliyev isə hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqına üzv 10 dövləti qazla təchiz etdiyini bildirib və gələcəkdə bu rəqəmin arta biləcəyini qeyd edib. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.