Enzo Mareska “Mançester Siti”də?

Enzo Mareskanın “Mançester Siti”nin yeni baş məşqçisi olacağı iddia edilir. Klub hələlik təyinatı rəsmən açıqlamayıb.

53

İtaliyalı mütəxəssis Enzo Mareskanın “Mançester Siti”nin yeni baş məşqçisi olacağına dair iddialar güclənib. Sosial şəbəkələrdə onun klubla 3 illik müqavilə imzaladığı barədə məlumatlar yayılsa da, hazırda “Mançester Siti” tərəfindən rəsmi açıqlama verilməyib.

Pep Qvardiolanın mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı barədə xəbərlər yayılıb və keçmiş “Çelsi” baş məşqçisi Enzo Mareska ispaniyalı mütəxəssisin əsas əvəzləyicisi kimi göstərilir. Agentlik qeyd edir ki, Qvardiolanın klubla müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

“TEAMtalk” isə mənbələrinə istinadən yazır ki, Mareska “Mançester Siti”nin növbəti baş məşqçisi olmaq üçün prinsipial razılıq verib. Məlumata əsasən, klub rəhbərliyi onu Qvardiolanın mümkün ayrılığı halında əsas namizəd kimi nəzərdən keçirir. Bununla belə, nə Qvardiolanın ayrılığı, nə də Mareskanın təyinatı hələ rəsmi şəkildə elan olunub.

Mareska üçün “Mançester Siti” yad klub deyil. O, 2020-ci ildə klubun Elite Development Squad komandasına baş məşqçi təyin olunub, daha sonra isə 2022-ci ildə Pep Qvardiolanın əsas komandasının məşqçilər korpusuna qoşulub. “Mançester Siti”nin rəsmi saytında yayılan məlumatlarda Mareskanın klub strukturu və Qvardiolanın futbol fəlsəfəsi ilə yaxından tanış olduğu qeyd olunur.