“Atletiko Madrid”in kapitanı Xorxe Resurrekson — Koke Madrid şəhərinin nüfuzlu mükafatlarından biri olan “Medalla de Madrid” ilə təltif edilib. Mükafat futbolçuya San-İsidro bayramı münasibətilə Madridin Sibel sarayının Şüşə qalereyasında keçirilən mərasimdə təqdim olunub. Təltifi Kokenin özünə Madrid meri Xose Luis Martines-Almeyda verib.
Madrid meriyası Kokeni peşəkarlığı, meydandakı fədakarlığı, futbol biliyi, həmçinin “Atletiko Madrid” və İspaniya millisinə verdiyi töhfələrə görə mükafatlandırıb. Klubun rəsmi məlumatında qeyd olunur ki, Koke “Atletiko” tarixində ən çox rəsmi oyun keçirən futbolçudur.
Mərasimdə “Atletiko Madrid”in prezidenti Enrike Sereso da iştirak edib. Madrid meriyası bu mükafatların şəhərin iqtisadi, sosial, mədəni və idman həyatında xüsusi iz qoyan şəxslərə, qurumlara və təşkilatlara təqdim edildiyini bildirib.
Xose Luis Martines-Almeyda çıxışında Kokeni “qırmızı-ağların simvolu” və gənc nəsillər üçün nümunə kimi xarakterizə edib. İspaniya mediası merin “Atletiko” azarkeşi kimi tanındığını və futbolçuya xüsusi rəğbətini gizlətmədiyini yazıb.