Sosial şəbəkələrdə Qonsalo Hiquainin “tanınmaz hala düşdüyü” iddia olunan viral fotonun süni intellekt vasitəsilə dəyişdirildiyi məlum olub. “Sports.ru”nun məlumatına görə, fotonu paylaşan şəxs daha sonra görüntünü süni intellekt ilə emal etdiyini etiraf edib və argentinalı sabiq futbolçu ilə çəkilmiş orijinal şəkli də yayımlayıb.

Bir neçə gün əvvəl Mayamidə idman mağazasında çəkildiyi deyilən foto sosial şəbəkələrdə geniş yayılmış, istifadəçilər keçmiş hücumçunun görünüşündəki dəyişikliklə bağlı müxtəlif şərhlər yazmışdılar. Lakin yeni açıqlamadan sonra məlum olub ki, viral görüntü Hiquainin real görünüşünü əks etdirmirmiş və süni intellektlə ciddi şəkildə dəyişdirilib.
Hadisə sosial mediada yayılan idman fotolarına münasibətdə diqqətli olmağın vacibliyini yenidən gündəmə gətirib. Xüsusilə tanınmış şəxslərlə bağlı süni intellekt ilə dəyişdirilmiş görüntülərin qısa müddətdə real xəbər kimi qəbul edilməsi dezinformasiya riskini artırır.