KONAMI-nin futbol simulyatoru “eFootball 2026” ilə məşhur anime seriyası “Naruto Shippuden” arasında yeni əməkdaşlıq kampaniyası başlayıb. Oyun yeniləməsi çərçivəsində futbol ulduzları Naruto temalı xüsusi kartlar və vizuallarla təqdim olunur. Kampaniyanın 30 aprel–14 may tarixlərini əhatə etdiyi bildirilir.
Yayılan kampaniya materiallarında Neymar Jr., Takefusa Kubo, Martin Ödeqaard və Robert Levandovski Naruto kainatından ilhamlanan dizaynlarla göstərilib. Sosial media paylaşımlarında Neymarın Naruto obrazı ilə, Levandovskinin isə Kakaşi motivli vizualla təqdim edildiyi görünür.
Əməkdaşlıq yalnız fərdi kartlarla məhdudlaşmır. Kampaniyada “AC Milan” futbolçuları — o cümlədən Rafael Leao, Luka Modriç, Kristian Pulisiç və Aleksis Saelemaekers — də Naruto dünyasından ilhamlanan xüsusi dizaynlarla oyuna əlavə olunub. Sosial media səhifələrində yayılan materiallarda “Milan” oyunçularının “Akatsuki” üslubunda təqdim olunduğu qeyd edilir.
Yeniləmə ilə yanaşı, oyuna Naruto mövzulu müxtəlif kosmetik elementlər, stadion xoreoqrafiyaları, xüsusi hadisələr və mükafatlar da əlavə olunub. Bundan başqa, “Epic: Worldwide Clubs feat. Naruto” adlı yeni paketdə Qaret Beyl, Marselo və Pyer-Emerik Obameyanq kimi adlar da yer alır.
Beləliklə, KONAMI həm futbol, həm də anime auditoriyasını bir araya gətirən növbəti böyük kollaborasiyalardan birini təqdim edib. Kampaniya xüsusilə sosial mediada böyük maraq doğurub.