Çinli idmançı Çjao Yiçen sürətli qayayadırmanma üzrə kişilər arasında yeni dünya rekordu müəyyənləşdirib. O, Çinin Sanya şəhərində keçirilən 2026-cı il Asiya Çimərlik Oyunlarında 15 metrlik standart divarı cəmi 4,58 saniyəyə qalxıb. Beynəlxalq İdman Qayayadırmanması Federasiyası — IFSC nəticəni yeni dünya rekordu kimi təsdiqləyib.
16 yaşlı idmançı rekordu yarışın təsnifat mərhələsində müəyyənləşdirib. Bununla da o, amerikalı Samuel Uotsona məxsus əvvəlki 4,64 saniyəlik göstəricini 0,06 saniyə yaxşılaşdırıb. Uotsonun rekordu 2025-ci ildə Balidə keçirilən IFSC Dünya Kuboku mərhələsində qeydə alınmışdı.
Çjao Yiçen rekordla kifayətlənməyib və yarışın sonunda kişilər arasında fərdi sürətli qayayadırmanma növündə qızıl medal qazanıb. “China Daily” yazır ki, finalda onun indoneziyalı rəqibi Antasyafi Robbi Al Hilmi səhv starta görə diskvalifikasiya olunub.
Sürətli qayayadırmanma 15 metrlik standart divarda keçirilir və idmançılar burada həm partlayıcı güc, həm koordinasiya, həm də texniki dəqiqlik nümayiş etdirməlidirlər. Çjaonun 4,58 saniyəlik nəticəsi bu idman növündə yeni psixoloji hədd kimi qiymətləndirilir. O, rekorddan sonra “sadəcə 4,6 saniyədən mənzərənin necə göründüyünü bilmək istəyirdim” deyərək çıxışını zarafatla şərh edib.
Çinli yeniyetmənin bu nəticəsi 2026 mövsümü üçün rəqabəti daha da qızışdırıb. IFSC qeyd edir ki, Çjaonun rekordu Keqiaoda start götürəcək “World Climbing Series” yarışlarından bir neçə gün əvvəl qeydə alınıb və bu göstərici dünya elitası üçün yeni hədəf müəyyənləşdirib.