“Brayton” qadın futbolu üçün Avropada ilk stadion tikir

“Brayton” qadın futbolu üçün Avropada ilk xüsusi stadion tikməyi planlaşdırır. 10 minlik arena 75-80 milyon funt sterlinqə başa gələcək və 2030/31 mövsümünədək açılmalıdır.

11

İngiltərənin “Brayton” klubu Avropada qadın futbolu üçün xüsusi olaraq inşa ediləcək ilk stadionun tikintisi ilə bağlı planlarını açıqlayıb. Klubun məlumatına görə, “Built for Her” konsepsiyası ilə hazırlanacaq arena “Amex Stadium”un yanında, Bennett’s Field ərazisində yerləşəcək və minimum 10 min tamaşaçı tutumuna malik olacaq. 

Layihənin 2030/31 mövsümündən gec olmayaraq istifadəyə verilməsi planlaşdırılır. Stadion “Amex”lə yeni körpü vasitəsilə birləşdiriləcək, yeraltı parkinqə malik olacaq və həm komandanın, həm də azarkeşlərin ehtiyaclarına uyğun layihələndiriləcək. Klub bildirir ki, yeni arena qadın futbolçular üçün xüsusi soyunub-geyinmə otaqları, bərpa zonaları, meydança standartları və daha inklüziv azarkeş məkanları ilə fərqlənəcək.

“Sky Sports”un məlumatına görə, stadionun tikintisi təxminən 75-80 milyon funt sterlinqə başa gələcək. “Brayton”un sahibi və sədri Toni Blum layihə üçün kənar investor axtarmayacağını bildirib. Klubun baş icraçı direktoru Pol Barber isə qadın futbolunun artıq ayrıca infrastruktur tələb etdiyini vurğulayıb və kişilər üçün tikilmiş stadionların qadın idmançıların ehtiyaclarına tam uyğun olmadığını qeyd edib.

Hazırda “Brayton”un qadın komandası ev oyunlarını Krouli Taunun “Broadfield Stadium”unda keçirir. Yeni stadionun tikilməsi komandanın yenidən Braytona qayıtması, azarkeş bazasının böyüməsi və klubun Qadınlar Super Liqasında, eləcə də gələcəkdə Avropa turnirlərində daha iddialı çıxış etməsi üçün strateji addım hesab olunur.

Layihə tamamlandıqdan sonra arena dünyada qadın futbolu üçün xüsusi tikilmiş azsaylı stadionlardan biri olacaq. Hazırda bu sahədə ən məşhur nümunə ABŞ-da “Kansas City Current” klubunun 2024-cü ildə istifadəyə verdiyi “CPKC Stadium”-dur; “Denver Summit” klubu da qadın komandası üçün ayrıca stadion planlaşdırır.