İtaliya millisindən ayrılan Cennaro Qattuzo Rusiya Premyer Liqasında işləmək variantını istisna etməyib. İtaliyalı mütəxəssis bildirib ki, uyğun təklif olacağı halda Rusiya klublarından birini çalışdırmağa hazırdır. Onun sözlərini Rusiya mediası “Sport24”-ə istinadən yayıb.
Qattuzo açıqlamasında məşqçi kimi əsas işinin komanda çalışdırmaq olduğunu vurğulayıb: “Mən Rusiyada işləməyi nəzərdən keçirəcəyəm. Bunun üçün əvvəlcə təklif olmalıdır. Mənim işim məşqçilikdir. Əgər dəyərli təklif olarsa, Rusiya klublarından birində özümü sınamağa hazıram”, — deyə o bildirib.
48 yaşlı mütəxəssis İtaliya millisindən 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-offdakı uğursuzluqdan sonra ayrılıb. İtaliya Bosniya və Herseqovinaya qarşı final pley-off oyununda penaltilər seriyasında uduzub və ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb.
Qattuzo məşqçilik karyerasında “Milan”, “Napoli”, “Valensiya”, “Marsel” və digər klublarda çalışıb. Hazırda onun Rusiya klublarından konkret təklif alıb-almadığı barədə rəsmi məlumat yoxdur.