Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib. Tədbir Çexiya hökumət başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub.
Biznes-forumda Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş çıxış ediblər. Forum iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, işgüzar dairələr arasında birbaşa təmasların artırılması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.
Qeyd edək ki, Andrey Babiş aprelin 26-da Azərbaycana rəsmi səfərə gəlib. Aprelin 27-də Qəbələdə onun rəsmi qarşılanma mərasimi keçirilib, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub. Biznes-forum səfərin iqtisadi gündəliyinin əsas tədbirlərindən biri kimi diqqət çəkib.



