Hersoq Netanyahunu əfv etməkdən imtina etdi

İsrail Prezidenti İsaak Hersoq Benyamin Netanyahunun korrupsiya işi üzrə əfv müraciətinə hazırkı mərhələdə baxmaq niyyətində deyil və əvvəlcə “plea deal” razılaşmasını dəstəkləyir.

13

İsrail Prezidenti İsaak Hersoq Baş nazir Benyamin Netanyahunun korrupsiya işi üzrə əfv müraciətini hazırkı mərhələdə qəbul etməyə hazırlaşmır. “The New York Times”ın məlumatına görə, Hersoq əvvəlcə Netanyahunun vəkilləri ilə prokurorluq arasında məhkəmədənkənar razılaşma — “plea deal” variantının sonadək sınanmasını istəyir. Bu məlumatı İsrail Prezidentinin ofisi də təsdiqləyib. 

“Reuters” yazır ki, Hersoq Netanyahunun əfv müraciətinə yalnız tərəflər arasında razılaşma imkanları tükəndikdən sonra baxacağını bildirib. Prezidentin mövqeyinə görə, məhkəmədənkənar razılaşma hazırkı siyasi və hüquqi böhrandan çıxış üçün daha uyğun yol ola bilər.

Netanyahu 2020-ci ildən bəri rüşvət, dələduzluq və etibardan sui-istifadə ittihamları üzrə məhkəmə qarşısındadır. O, bütün ittihamları rədd edir və işi siyasi motivli proses adlandırır. İsrail tarixində ilk dəfədir ki, vəzifədə olan baş nazir cinayət işi üzrə mühakimə olunur.

Netanyahu ötən ilin noyabrında Hersoqdan rəsmi əfv istəyib. Lakin İsraildə aktiv məhkəmə prosesi davam etdiyi halda belə bir əfv qərarının verilməsi presedentsiz addım sayılır. Hersoq isə qərarın qanun, ölkənin maraqları və şəxsi vicdanı əsasında qəbul ediləcəyini, daxili və xarici təzyiqlərin təsiri altında olmayacağını bildirib.

Məsələ həm də ABŞ Prezidenti Donald Trampın Netanyahunun əfv olunması çağırışlarından sonra daha çox gündəmə gəlib. Buna baxmayaraq, İsrail prezidentinin hazırkı mövqeyi əfv qərarından əvvəl hüquqi razılaşma imkanlarının yoxlanılmasına üstünlük verildiyini göstərir.