Rusiyada matç inspektorları şərhçilərin hakimlik barədə səhvlərini də qeydə alacaq

Rusiyada futbol matçlarının inspektorlarına şərhçilərin hakimliklə bağlı yanlış və qeyri-dəqiq fikirlərini toplamaq tapşırılıb. Yeni qayda Gənclər Liqasından RPL və Rusiya Kubokuna qədər bütün əsas yarışlara şamil olunur.

8

Rusiyada futbol matçlarında çalışan inspektorlara yeni tapşırıq verilib: onlar artıq televiziya şərhçilərinin hakimlər və hakimlik epizodları barədə dediklərini də izləyib hesabat hazırlamalıdırlar.

“Sport-Express” yazır ki, göstəriş Gənclər Futbol Liqasından başlayaraq RPL və Rusiya Kubokuna qədər bütün əsas yarışları əhatə edir. Nəşrin əldə etdiyini bildirdiyi sənədə görə, inspektorlar şərhçinin yanlış və ya qeyri-dəqiq fikrini, bunun söyləndiyi dəqiqəni, aid olduğu hakim qərarınısəhvin nədən ibarət olduğunu ayrıca qeyd etməlidirlər. Üstəlik, hakimlərlə bağlı digər bütün şərhlər də toplanacaq.

Mövzu ilə bağlı Rusiya Futbol İttifaqının Hakimlər Komitəsinin sədri Pavel Kamantsev də danışıb. “TASS”-ın yaydığı məlumata görə, o bildirib ki, matç inspektoru əsasən hakimin işini qiymətləndirən peşəkar mütəxəssisdir, indi isə paralel olaraq şərhçi faktiki səhv edərsə, bunu da qeyd edəcək. Kamantsev bunu “şərhçilərə nəzarət” kimi yox, onların hakimlik mövzusunu daha düzgün başa düşməsinə kömək edən mexanizm kimi təqdim edib.

Hazırkı məlumata əsasən, söhbət birbaşa sanksiya mexanizmindən yox, əvvəlcə monitorinq və raportlaşdırmadan gedir. Yəni yeni qayda şərhçilərin hakimliklə bağlı dediklərinin ayrıca izlənməsi və sənədləşdirilməsi deməkdir. Bunun gələcəkdə necə istifadə olunacağı, hər hansı intizam nəticəsi doğurub-doğurmayacağı isə hələ açıq şəkildə izah edilməyib.