“Tottenhem” əsas komanda üçün psixoloq axtarır

“Tottenhem Hotspur” əsas komanda üçün baş psixoloq vakansiyası açıb. LinkedIn-də yayımlanan elanda elit futbolçulara psixoloji dəstək və komandada yeni performans mədəniyyəti formalaşdırmaq hədəfi göstərilir.

12

“Tottenhem Hotspur” əsas komanda üçün yeni “Kişilərdən ibarət əsas komanda üçün psixoloq” vəzifəsi üzrə vakansiya açıb. Klubun “LinkedIn”-də yerləşdirdiyi elanda bildirilir ki, yeni mütəxəssis əsas komanda mühitində işləyəcək, elit futbolçulara elmi əsaslı psixoloji dəstək verəcək və kollektivdə “psixoloji baxımdan formalaşmış performans mədəniyyəti” qurmağa kömək edəcək. 

Vakansiya yalnız fərdi söhbətlər və emosional dəstək üçün deyil, həm də məşqçi və performans heyəti ilə sistemli iş üçün nəzərdə tutulub. Elanın mətninə görə, bu rol “yüksək təsir gücünə malik” vəzifə kimi təqdim olunur və birbaşa əsas komandanın gündəlik işinə inteqrasiya ediləcək.

Bu addım komandanın psixoloji durumunun açıq şəkildə müzakirə edildiyi dövrdə atılıb. “BBC Sport” yazır ki, “Tottenhem” məhz baş məşqçi Roberto De Zerbinin komandanın “mentalitetini dəyişməli” olduğunu deməsindən sonra kişilərdən ibarət əsas heyət üçün baş psixoloq təyin etməyə çalışır.

De Zerbinin özü də son günlər mövzunu gizlətməyib. O, “Mən kədərli insanlarla, neqativ insanlarla işləmək istəmirəm” deyərək futbolçularından daha pozitiv düşüncə və daha güclü inam tələb edib. Daha əvvəl “Reuters”-ə danışan italyan mütəxəssis komandanın əsas probleminin taktika yox, məhz, ruh halı və münasibət olduğunu vurğulamışdı.