Pentaqon İspaniyanın NATO-dan uzaqlaşdırılması variantını müzakirə edir

"Reuters"-in eksklüziv xəbərinə görə, Pentaqon daxilində İran müharibəsində ABŞ-a dəstək verməyən NATO müttəfiqlərinə qarşı cəza variantları müzakirə olunur. Həmin seçimlər arasında İspaniyanın alyansdan uzaqlaşdırılması ideyası da yer alır, lakin bunun hüquqi mexanizmi aydın deyil. 

15

ABŞ Müdafiə Nazirliyində (Pentaqon) yüksək səviyyələrdə dövr edən daxili e-poçt yazışmalarından birində Vaşinqtonun İran müharibəsi zamanı ABŞ əməliyyatlarını dəstəkləmədiyini düşündüyü NATO müttəfiqlərinə qarşı mümkün cəza addımları müzakirə olunur.

“Reuters”-in eksklüziv məlumatına görə, həmin variantlar arasında İspaniyanın NATO-dan uzaqlaşdırılması və ya alyans daxilində nüfuzlu mövqelərdən kənarlaşdırılması, eləcə də ABŞ-ın Böyük Britaniyanın Folklend adaları üzərindəki iddiasına diplomatik dəstəyini yenidən nəzərdən keçirməsi kimi ssenarilər də var. Amma söhbət hələlik qəbul edilmiş qərardan yox, Pentaqon daxilində müzakirə olunan seçimlərdən gedir.

Nəşrin istinad etdiyi ABŞ rəsmisinə görə, yazışmanın mərkəzində Avropa müttəfiqlərinin İran müharibəsi dövründə ABŞ-a giriş, bazalanma və hava məkanı üzərindən uçuş hüquqları verməkdə tərəddüd etməsi dayanır. Pentaqonun mətbuat katibi Kinqsli Uilson da “Reuters”-ə bildirib ki, prezident Donald Trampın dediyi kimi, “ABŞ-ın NATO müttəfiqləri onun yanında olmayıb” və hərbi rəhbərlik prezident üçün etibarlı variantlar hazırlayır, lakin daxili müzakirələr barədə əlavə şərh verməyəcək.

İspaniyanın xüsusi olaraq ön plana çıxmasının səbəbi də budur. Madrid martda əvvəlcə ABŞ-ın Rota və Moron kimi birgə istifadə olunan bazalarından İranla bağlı hücum əməliyyatları üçün istifadəyə icazə vermədi, daha sonra isə İran müharibəsində iştirak edən ABŞ hərbi təyyarələri üçün hava məkanını bağladı. Baş nazir Pedro Sançes müharibəni “qanunsuz, düşüncəsiz və ədalətsiz” adlandırır, müdafiə naziri Marqarita Robles isə bu mövqenin həm bazalara, həm də hava məkanına şamil olunduğunu təsdiqləyirdi.

Xəbərin ən həssas hissəsi isə “İspaniyanı NATO-dan uzaqlaşdırmaq” variantının hüquqi tərəfidir. NATO-nun rəsmi təsis sənədində yeni üzvlərin qəbulu üçün prosedur Maddə 10-da, könüllü çıxış üçün qayda isə Maddə 13-də göstərilir. Ancaq sənəddə üzv ölkənin alyansdan xaric edilməsi və ya çıxarılması üçün açıq mexanizm görünmür. “Reuters” də məhz bu səbəbdən belə addımın necə həyata keçirilə biləcəyini dərhal müəyyənləşdirə bilmədiyini yazır. Bu da onu göstərir ki, e-poçtda adı çəkilən ssenari siyasi simvolizm baxımından güclü olsa da, hüquqi baxımdan olduqca mürəkkəb görünür.

Bütün bunlar Tramp administrasiyası ilə Avropa müttəfiqləri arasında İran müharibəsi fonunda yaranmış daha geniş gərginliyin tərkib hissəsidir.