İtaliyanın Milan prokurorluğu “Ma.De” adlı tədbir şirkəti ətrafında aparılan istintaq çərçivəsində fahişəliyin istismarı və ona yardım iddialarını araşdırır.
ANSA-nın məlumatına görə, iş üzrə dörd nəfər ev dustaqlığına göndərilib, maliyyə polisi isə ehtimal olunan qanunsuz gəlir kimi 1,2 milyon avrodan çox vəsaitə həbs qoyub. İstintaq materiallarında şirkətin varlı müştərilər, o cümlədən futbolçular üçün gecə tədbirləri, hotellər və “əlavə xidmətlər” təşkil etdiyi iddia olunur.
Eyni mənbəyə görə, bu tədbirlərdə təxminən 70 futbolçu iştirak edib və onların arasında “Inter”, “Milan”, “Juventus”, “Verona”, “Torino”, “Sassuolo” və “Monza” ilə əlaqəli oyunçuların olduğu bildirilir. Amma ANSA xüsusi vurğulayır ki, hələlik həmin şəxslərdən neçəsinin doğrudan da eskort xidmətindən istifadə etdiyi aydın deyil; adların çoxu məhkəmə sənədlərində açıq göstərilməyib və bu istiqamətdə araşdırma davam edir.
Bəzi İtaliya nəşrləri və ikinci dərəcəli idman saytları artıq tanınmış futbolçuların – Bastoni, Vlahoviç, Hakimi, Koutinyo, Şkrinyar, Leao, Jiru, Kalafiori, Heysen, Maldini (kiçik) və Deyan Stankoviç – adlarını yaymağa başlayıb.
Lakin Il Fatto Quotidiano yazır ki, bu adların bir hissəsi prokurorluğun telefonların texniki analizində istifadə etdiyi “açar sözlər” siyahısından çıxıb və bu, həmin şəxslərin istintaqın predmetinə çevrilmiş konkret əməllərdə iştirakının sübutu sayılmır. Həmin materialda da açıq şəkildə qeyd olunur ki, adı çəkilən futbolçular şübhəli şəxs deyil və onların ittiham olunan faktlarda iştirakı bu mərhələdə sübut olunmayıb.