Berlində Rza Pəhləviyə hücum – QIRMIZIYA BOYANDI

İranın sürgündə yaşayan keçmiş vəliəhdi Rza Pəhləvi Berlində mətbuat konfransından sonra qırmızı maye ilə isladılıb. "Associated Press" xəbər verir ki, şübhəli şəxs polis tərəfindən saxlanılıb. 

23

İranın sürgündə yaşayan keçmiş vəliəhdi Rza Pəhləvi Berlində keçirdiyi mətbuat konfransından sonra binanı tərk edərkən naməlum şəxs tərəfindən qırmızı maye ilə isladılıb.

“Associated Press” yazır ki, insidentdən sonra Pəhləvi tərəfdarlarına əl edib avtomobilə əyləşərək ərazidən uzaqlaşıb, şübhəli bilinən şəxs isə polis tərəfindən saxlanılıb.

Hadisə Pəhləvinin Almaniyaya səfəri çərçivəsində baş verib. Almaniyanın “Welt” nəşrinin məlumatına görə, o, Berlində Bundestaq deputatları, media nümayəndələri və İran diasporu ilə görüşlər planlaşdırmışdı. Eyni zamanda, onun səfəri ilə bağlı şəhərdə həm dəstək aksiyaları, həm də əks etirazlar gözlənilirdi.

Pəhləvi mətbuat konfransında ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi tənqid edib, Tehranla diplomatiyanın effektivliyini sual altına alıb, həmçinin İranda son edamları pisləyərək beynəlxalq ictimaiyyəti demokratiya tərəfdarı iranlı fəallara daha açıq dəstək verməyə çağırıb.

Hazırda insidentin motivi və istifadə olunan mayenin dəqiq tərkibi barədə rəsmi geniş açıqlama verilməyib. Təsdiqlənən əsas məqam odur ki, hücum baş verib, şübhəli şəxs saxlanılıb və Pəhləvi hadisədən sonra ərazini tərk edib.