Fransada keçirilən Ansi Gölü marafonunda təsirli anlar yaşanıb. Keniyalı marafonçu Reuben Siva bürünc medalı qazanmaq üçün finiş xəttini dörd ayaq üstə keçib.
Yarışın son metrələrində idmançının ayaqları tutulub və o, yerə yıxılıb. Şahidlərin sözlərinə görə, Siva huşunu itirmək həddinə çatıb. Buna baxmayaraq, o, yarışı yarımçıq dayandırmayaraq böyük iradə nümayiş etdirib və sürünərək finiş xəttinə çatmağı bacarıb.
Bu dramatik görüntülər sosial şəbəkələrdə geniş yayılıb və minlərlə insan tərəfindən “əsl döyüş ruhu” kimi qiymətləndirilib. İdmansevərlər atletin əzmkarlığını və sona qədər mübarizə aparmasını alqışlayıblar.
Marafon yarışlarında orqanizmin həddindən artıq yüklənməsi, susuzlaşma və enerji itkisi səbəbindən finişə yaxın çökmə halları nadir deyil. Lakin buna baxmayaraq medal qazanmaq üçün dörd ayaq üstə finişə çatmaq yarış tarixində yadda qalan məqamlardan biri olub.