İsrail mediasında yayılan məlumata görə, “Mossad” Azərbaycanın təhlükəsizlik orqanları ilə koordinasiya çərçivəsində İranla əlaqələndirilən bir planın qarşısının alınmasına yardım edib.
i24NEWS-ə istinadən MSNews.az xəbər verir ki, İsrail mənbələrinin iddiasına əsasən, söhbət Bakıda İsrail səfirliyinə və Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin bir hissəsinə eyni vaxtda hücum planından gedir. Həmin mənbələr yazır ki, Azərbaycan ərazisində fəaliyyət göstərən qrup İran tərəfindən yönləndirilirdi və saxlanılma əməliyyatı hazırlıq mərhələsində həyata keçirilib.
Bu iddialar tamamilə yeni mövzu deyil. “Reuters” hələ mart ayında yazmışdı ki, Azərbaycan hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirdiyi bir neçə planın qarşısını aldığını açıqlayıb. Həmin rəsmi məlumatda mümkün hədəflər arasında məhz BTC kəməri, İsrailin Bakıdakı səfirliyi, Aşkenazi sinaqoqu və dağ yəhudiləri icmasının lideri də var idi. Nəşrin xəbərinə görə, istintaq zamanı iki İran vətəndaşı və bir Azərbaycan vətəndaşının 7 kiloqramdan çox C-4 partlayıcının ölkəyə keçirilməsində iştirak etdiyi iddia olunurdu.
Avropa mediasında yayılan sonrakı materiallarda da Bakı tərəfindən aşkarlanmış partlayıcılar, videokadrlar və çoxhədəfli plan barədə detallar yer alıb. “Euronews”-un martdakı xülasəsində qeyd olunurdu ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti həmin əməliyyat çərçivəsində həm enerji infrastrukturuna, həm də yəhudi obyektlərinə yönəlmiş planları ifşa etdiyini bildirirdi.
Hazırkı fərq ondadır ki, İsrail mediası bu dəfə əməliyyatda “Mossad”ın birbaşa rolu olduğunu ön plana çıxarır və söhbətin yalnız Azərbaycan təhlükəsizlik orqanlarının daxili əməliyyatından getmədiyini iddia edir.Lakin bu hissə üzrə açıq, müstəqil və detallı rəsmi təsdiq hələ görünmür.