Beynəlxalq futbol araşdırmaları mərkəzi “CIES Football Observatory” dünya üzrə 46 yüksək liqanı əhatə edən yeni hesabat yayımlayıb. Araşdırmada futbolçuların topa sahib olmadıqları zaman meydanda nə qədər hərəkət etdikləri analiz edilib və nəticədə bəzi ulduz oyunçuların müdafiə fazasında daha az aktiv olduğu müəyyən olunub.
Hesabata görə, siyahının ilk üçlüyündə Lionel Messi, Kriştianu Ronaldu və Artyom Dzyuba yer alır. Statistikaya əsasən, komanda orta hesabla topsuz vəziyyətdə 1 kilometr məsafə qət edərkən, bu futbolçuların hərəkəti xeyli az olur: Messi təxminən 700 metr, Ronaldo və Dzyuba isə təxminən 740 metr məsafə qət edir.
Araşdırma futbolçuların “tənbəlliyi” kimi təqdim olunsa da, ekspertlər qeyd edir ki, bu cür göstəricilər daha çox oyun üslubu və taktiki roldan asılıdır. Xüsusilə, hücum yönümlü və yaradıcı oyunçular enerjini hücum fazasına yönəltmək üçün müdafiədə daha az hərəkət edə bilər.
CIES reytinqində ilk onluqda həmçinin Kilian Mbappe, Con Kordoba və Mirlind Daku kimi futbolçular da yer alıb.