Argentinanın paytaxtı Buenos-Ayresdə vəfat etmiş Roma Papası Fransiskin xatirəsinə həsr olunan açıq hava konserti keçirilib. Tədbir şəhərin mərkəzində yerləşən Plaza de Mayo meydanında baş tutub və çıxışın əsas siması portuqaliyalı keşiş-DJ Gilyerme Peyşotu olub.
“Associated Press”-in məlumatına görə, tədbir Papa Fransiskin ölümünün birinci ildönümünə həsr edilib.
Konsert zamanı Peyşotunun DJ seti elektron musiqi ilə yanaşı, dini motivlər və Papa Fransiskin çıxışlarından parçalarla müşayiət olunub. “Euronews”-un xülasəsində qeyd olunur ki, tədbirdə elektron musiqi sülh mesajları və pontifikin nitqlərindən fraqmentlərlə birləşdirilib.
Gilyerme Peyşotu son illərdə keşiş fəaliyyəti ilə elektron musiqini birləşdirən fiqur kimi tanınıb. O, xüsusilə 2023-cü il Dünya Gənclər Günü tədbirindən sonra daha geniş tanınıb və son aylarda müxtəlif ölkələrdə oxşar çıxışlarla diqqət çəkib.