Hindistan hökuməti biometrik identifikasiya sistemi olan “Aadhaar” tətbiqinin smartfonlara əvvəlcədən məcburi şəkildə quraşdırılması təşəbbüsünü dayandırıb.
“Reuters”-in məlumatına görə, qərar “Apple”, “Samsung” və digər istehsalçıların təhlükəsizlik, uyğunluq və əlavə istehsal xərcləri ilə bağlı etirazlarından sonra verilib.
“Aadhaar” sistemini idarə edən UIDAI bildirib ki, Hindistanın informasiya texnologiyaları nazirliyi məsələni nəzərdən keçirdikdən sonra tətbiqin smartfonlara öncədən yüklənməsinin məcburi edilməsini dəstəkləməyib. Qurumun açıqlamasına əsasən, qərardan əvvəl elektronika sənayesinin nümayəndələri ilə məsləhətləşmələr aparılıb.
“Reuters” yazır ki, “Aadhaar” təklifi son iki ildə dövlət tətbiqlərinin telefonlara məcburi yüklənməsi ilə bağlı hökumətin altıncı cəhdi olub və onların hamısı sənaye tərəfindən mənfi qarşılanıb. Şirkətlər bildirirdilər ki, belə tələb Hindistan bazarı və ixrac üçün ayrıca istehsal xətlərinin qurulmasına səbəb ola, həmçinin cihazların təhlükəsizliyi ilə bağlı əlavə risklər yarada bilər.
Məsələ həm də məxfilik müzakirələrini yenidən gündəmə gətirib. “Aadhaar” Hindistanda təxminən 1,34 milyard insan tərəfindən istifadə olunur və bankçılıq, telekommunikasiya, hava limanlarına sürətli giriş kimi sahələrdə geniş tətbiq edilir. Ancaq hüquq müdafiəçiləri sistemin əvvəlki məlumat sızmaları səbəbindən uzun müddətdir tənqid olunduğunu vurğulayırlar.