Katolik dünyasının rəhbəri Papa Leo Anqolaya səfəri zamanı Afrikanın təbii sərvətlərinin istismarını kəskin tənqid edib. “Reuters”-in məlumatına görə, pontifik Luandada çıxışı zamanı “sərvət vəd edən, amma vədlərini yerinə yetirməyən despotlar və tiranlar”ın insanlara əzab və ölüm gətirdiyini bildirib. O, Anqola cəmiyyətini “çox sərvətli, amma saxta sevinclərlə yaşayan elitanın yaratdığı köləlikdən” qurtulmağa çağırıb.
Papa Leo çıxışında Anqolanın neft, almaz və kritik minerallar kimi resurslarının güclü maraq qrupları tərəfindən mənimsənilməsinə eyham vuraraq deyib ki, ölkənin torpaqlarına çox vaxt “vermək üçün yox, almaq üçün” baxılıb. Onun sözlərinə görə, bu “ekstraktivizm məntiqi” çoxsaylı sosial və ekoloji fəlakətlərə, eləcə də insan itkilərinə səbəb olur.
Pontifik Anqola hakimiyyətini korporativ maraqlardan daha çox vətəndaşların rifahına fokuslanmağa çağırıb və bildirib ki, yaxın dövrdə buna etiraz edənlər olsa belə, tarix sonda xalqın marağını üstün tutanları haqlı çıxaracaq. Papa Leo son həftələrdə daha sərt və açıq çıxışları ilə diqqət çəkir. O, Anqolaya uçuşdan əvvəl ABŞ prezidenti Donald Trampla mübahisə görüntüsünü azaltmağa çalışsa da, Afrika turu boyunca müharibə, bərabərsizlik və resursların talanması kimi mövzularda daha qəti mövqe sərgiləyib.
“Reuters”-in qeyd etdiyinə görə, Anqola regionun aparıcı neft istehsalçılarından biri olsa da, ölkə əhalisinin böyük hissəsi hələ də yoxsulluqla üzləşir. Papa Leo da bu ziddiyyətə diqqət çəkərək ölkədə həyatın və reallığın “sadəcə əmtəəyə çevrilməsinə” qarşı çıxıb.