Ukraynanın paytaxtı Kiyevdə silahlı şəxs küçədə insanlara atəş açdıqdan sonra supermarketə sığınaraq girov götürüb. Hadisə şəhərin Qoloseyevski rayonunda baş verib. Ukrayna rəsmilərinin açıqlamasına görə, hücum nəticəsində azı 5 nəfər həlak olub, 10 nəfər xəstəxanaya yerləşdirilib. Hücumçu daha sonra polis əməliyyatı zamanı öldürülüb.
MSNews.az “Associated Press”-ə istinadən xəbər verir.
Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, xüsusi təyinatlılar supermarketə hücumdan əvvəl təxminən 40 dəqiqə danışıqlar aparmağa çalışıblar. Onun sözlərinə görə, hücumçu təslim olmayıb və saxlanılarkən müqavimət göstərib. Prezident Volodimir Zelenski də ölən və yaralananların sayını təsdiqləyərək, hadisənin bütün halları üzrə araşdırma aparıldığını açıqlayıb.
Kiyev meri Vitali Kliçko ilkin mərhələdə 10 nəfərin xəstəxanada müalicə aldığını, əlavə 5 nəfərin isə xəsarət aldığını deyib. Bu səbəbdən yaralıların yekun sayı hələ də dəqiqləşdirilir. Hücumçunun qanuni qeydiyyatda olan karabin daşıdığı da açıqlanıb. Hücumun motivi hələlik məlum deyil.