DÇ-2026 finalında ilk dəfə fasilə şousu olacaq

FIFA prezidenti Canni İnfantino 2026 dünya çempionatının finalında tarixdə ilk dəfə musiqili fasilə şousunun keçiriləcəyini təsdiqləyib. Şounun kuratoru Kris Martin olacaq.

14

DÇ-2026-nın finalında tarixdə ilk dəfə “Super Bowl” formatına bənzər musiqili fasilə şousu təşkil olunacaq.

Bunu FIFA prezidenti Canni İnfantino rəsmi şəkildə təsdiqləyib. “Associated Press”-in məlumatına görə, final 19 iyul 2026-cı ildə Nyu-Cersi ştatındakı “MetLife” stadionunda, turnir zamanı istifadə olunacaq adı ilə desək, “New York New Jersey Stadium”-da keçiriləcək.

İnfantino bildirib ki, şounun hazırlanmasına “Coldplay” qrupunun solisti Kris Martin cəlb olunub. Məhz, Martin FIFA ilə birlikdə dünya çempionatı finalı üçün ilk belə fasilə proqramının kurasiyasını həyata keçirəcək.

Bu format FIFA üçün tamamilə yeni deyil, çünki 2025-ci ildə Klublararası Dünya Çempionatının finalında da ayrıca “halftime show” keçirilib. FIFA-nın rəsmi məlumatına görə, həmin şou da “Global Citizen” ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş və yenə Kris Martin kurator qismində iştirak etmişdi.