Toqo BMT-ni Afrika xəritəsinin təhrifini dəyişməyə çağırır

Toqo BMT-ni Afrikanı olduğundan kiçik göstərən Merkator xəritəsindən imtina etməyə və “Equal Earth” proyeksiyasına keçməyə çağırıb.

21

Toqo BMT-yə üzv dövlətləri Afrikanın ölçüsünü daha dəqiq göstərən xəritə proyeksiyasına keçməyə çağırıb.

“Reuters”-in məlumatına görə, ölkə Merkator proyeksiyasından imtina olunmasını və onun əvəzinə qitələrin real nisbətlərini daha düzgün əks etdirən “Equal Earth” proyeksiyasının qəbulunu təklif edir.

Təşəbbüsü Toqonun xarici işlər naziri Robert Dassi irəli sürür. O bildirib ki, XVI əsrdə naviqasiya üçün hazırlanmış Merkator xəritəsi qütblərə yaxın əraziləri olduğundan böyük, Afrikanı isə olduğundan kiçik göstərir və bu, qitə barədə qlobal təsəvvürə təsir edir.

Nəşr yazır ki, Afrika İttifaqı artıq Toqoya “Correct The Map” kampaniyasına rəhbərlik etməyi tapşırıb. Kampaniya “Africa No Filter” və “Speak Up Africa” kimi təşəbbüslərlə birlikdə aparılır və məqsəd həm təhsil sistemində, həm də beynəlxalq institutlarda daha ədalətli xəritə standartının təşviqidir.

Hazırda BMT-də bununla bağlı qətnamə layihəsi üzərində iş getdiyi bildirilir. Məsələ üzrə səsvermənin sentyabrda keçiriləcək növbəti BMT Baş Assambleyasında gündəmə çıxarılması gözlənilir.