FIFA İsrailə qarşı sanksiya tələbini rədd etdi

FIFA Fələstin Futbol Assosiasiyasının İsrail klubları ilə bağlı əsas sanksiya tələbini rədd edib. Qurum Qərb Sahilinin hüquqi statusunu həll olunmamış sayıb, amma İsrail Futbol Assosiasiyasını diskriminasiya pozuntularına görə cərimələyib.

13

FIFA Fələstin Futbol Assosiasiyasının İsrailə qarşı sanksiya tələbinin əsas hissəsini qəbul etməyib.

“Reuters”-in məlumatına görə, qurum İordan çayının qərb sahilində yerləşən yəhudi məskənlərində fəaliyyət göstərdiyi iddia olunan İsrail klubları ilə bağlı heç bir addım atmayacağını açıqlayıb. FIFA bunu həmin ərazinin hüquqi statusunun beynəlxalq hüquq baxımından “həll olunmamış və son dərəcə mürəkkəb” məsələ olması ilə əsaslandırıb.

Məsələ 2024-cü ildə Banqkokda keçirilən 74-cü FIFA Konqresində Fələstin Futbol Assosiasiyasının təqdim etdiyi təşəbbüsdən qaynaqlanırdı. Fələstin tərəfi uzun illərdir bildirir ki, Qərb Sahilində yerləşən və gələcək Fələstin dövlətinin ərazisi saydığı zonada fəaliyyət göstərən klublar İsrail Futbol Assosiasiyasının turnirlərində oynamamalıdır.Nəşr yazır ki, FIFA Şurası bu məsələni araşdırmaq üçün İdarəetmə, Audit və Uyğunluq Komitəsini işə cəlb etmişdi, amma yekunda “heç bir tədbir görülməməsi” mövqeyi qəbul edildi.

Bununla yanaşı, FIFA İsrail Futbol Assosiasiyasını tamamilə məsuliyyətsiz buraxmayıb. Qurumun İntizam Komitəsi İsrail Futbol Assosiasiyasının ayrı-seçkilik və “fair-play” öhdəliklərini bir neçə dəfə pozduğunu müəyyən edib. FIFA-nın rəsmi açıqlamasına görə, assosiasiya 150 min İsveçrə frankı məbləğində cərimələnib, xəbərdarlıq alıb və ayrı-seçkiliyin qarşısını almaq üçün islahatlar, monitorinq və maarifləndirmə tədbirlərini əhatə edən məcburi profilaktik plan həyata keçirməlidir. Həmçinin İsrail Futbol Assosiasiyası növbəti üç ev oyununda anti-diskriminasiya banneri nümayiş etdirməlidir.

Beləliklə, FIFA İsrailin futboldan kənarlaşdırılması və ya Qərb Sahilindəki klublara görə daha ağır sanksiya tətbiqi xəttinə getməyib, amma eyni zamanda İsrail Futbol Assosiasiyasını diskriminasiya ilə bağlı pozuntulara görə cəzalandırıb.