Çinin avtomobil sənayesində son illərdə əldə etdiyi sürət, maya dəyəri üstünlüyü və texnoloji çeviklik artıq dünyanın ən böyük ənənəvi istehsalçılarında açıq narahatlıq yaradır.
“Reuters” yazır ki, Çin bazarındakı ultra-rəqabət avtomobil şirkətlərini daha ucuz və daha funksional modelləri daha sürətlə bazara çıxarmağa məcbur edir. Agentliyin başqa materialında isə “Honda”-nın Çin bazarında BYD kimi proqram təminatı yönümlü rəqiblərlə ayaqlaşmaqda çətinlik çəkdiyi və bunun şirkətin maliyyə nəticələrinə də zərbə vurduğu vurğulanır.
Bu narahatlığın ən sərt ifadələrindən biri “Toyota” xəttindən gəlib. “InsideEVs”-in “Automotive News”-a istinadən yaydığı məlumata görə, “Toyota” rəhbəri Koji Sato tədarükçülərlə görüşdə “Əgər heç nə dəyişməsə, biz sağ qala bilməyəcəyik. Hamının bu böhran hissini dərk etməsini istəyirəm” deyib. Həmin materialda bu mesajın Çin istehsalçılarının aşağı maya dəyəri, sürətli inkişaf tempi və proqram təminatı yönümlü avtomobil modelinin yaratdığı təzyiq fonunda səsləndirildiyi bildirilir.
“Honda” rəhbərliyi də oxşar tonda danışır. “Motor1”-in “Nikkei Asia”-ya istinadən yazdığına görə, Honda prezidenti Toşihiro Mibe Şanxaydakı bir avtomobil təchizatçısı zavoduna səfərdən sonra “Bizim bunun qarşısında heç bir şansımız yoxdur” sözlərini işlədib. Eyni vaxtda “Reuters” qeyd edir ki, “Honda” Çində məhz, daha inkişaf etmiş, proqram təminatı üstünlüyünə malik rəqiblərlə mübarizədə çətinlik çəkir və bu səbəbdən şirkət Çin biznesinin dəyərini aşağı yazmağa məcbur olub.
“Ford” rəhbəri Cim Ferlinin açıqlaması isə təhlükənin miqyasını daha açıq göstərir. “Motor1”-in “CBS Sunday Morning” müsahibəsinə istinadən yaydığı sitata görə, Ferli deyib ki, Çin istehsalçılarının mövcud zavodları “bütün Şimali Amerika bazarını təmin etməyə və hamımızı bazardan sıxışdırmağa” kifayət edər. O, Çin avtomobil sənayesini 1980-ci illərin Yaponiya yüksəlişinə bənzətsə də, bunu “steroid üzərində” daha aqressiv bir səviyyə kimi təsvir edib.