Li Ce Myunun Holokost paylaşımı İsraillə gərginlik yaratdı

Cənubi Koreya Prezidenti Li Ce Myun İsrailin hərbi əməliyyatlarını Holokostla müqayisə edib. İsrail bu sözləri sərt şəkildə pisləyib və diplomatik gərginlik yaranıb.

14

Cənubi Koreya Prezidenti Li Ce Myun İsrailin hərbi əməliyyatları ilə bağlı paylaşımına görə Tel-Əvivlə diplomatik gərginlik yaradıb.

Prezident “X” platformasında İsrail ordusunun fələstinlilərə qarşı “müharibə zamanı törətdiyi qətlləri” Holokostla müqayisə edib və bu sözlər həm İsraildə, həm də Cənubi Koreyada ciddi mübahisə doğurub.

İsrail Xarici İşlər Nazirliyi bu bəyanatı rəsmi şəkildə pisləyib və Li Ce Myunun Holokostu kiçiltməkdə, həmçinin yanlış məlumat yaymaqda ittiham edib. “Reuters” yazır ki, İsrail tərəfi xüsusilə bu açıqlamanın Holokostu Anma Günü ərəfəsində səslənməsini qəbuledilməz sayıb.

Mübahisənin mərkəzində Li Ce Myunun paylaşdığı bir video dayanır. Həmin videoda İsrail hərbçilərinin bir fələstinlini işgəncəyə məruz qoyduğu və damdan atdığı iddia olunurdu. İsrail isə bildirib ki, söhbət 2024-cü ildə araşdırılmış bir əməliyyatdan gedir və hadisə terrorçulara qarşı keçirilən reydlə bağlı olub.

Seul isə İsrailin reaksiyasına cavab olaraq “anlaşılmazlıq” ifadəsini işlədib. Cənubi Koreya Xarici İşlər Nazirliyi prezidentin sözlərinin Holokost qurbanlarına hörmətsizlik məqsədi daşımadığını, əksinə, universal insan haqları ilə bağlı narahatlıqdan qaynaqlandığını bildirib.