“La Liqa”nın retro turu sosial şəbəkələrdə böyük maraq yaradıb

"La Liqa"nın ilk "Retro Matchday" layihəsi böyük maraq doğurub. Köhnə üslubda formalar, retro hakim geyimləri, klassik top və yayım qrafikası xüsusilə “Osasuna” – “Betis” matçında diqqət çəkib.

15

İspaniya futbolunda bu həftəsonu keçirilən xüsusi “Retro Matchday” layihəsi sosial şəbəkələrdə ciddi diqqət çəkib. “La Liqa”nın rəsmi məlumatına görə, 10–13 aprel tarixlərində həm “La Liga”, həm də “Segunda” mərhələlərində ümumilikdə 38 klub keçmiş dövrlərə istinad edən formalarla meydana çıxır. Layihə liqanın tarixində ilk belə təşəbbüs kimi təqdim olunur. 

Kampaniya təkcə futbolçuların forması ilə məhdudlaşmır. “La Liqa” və “Euronews”-un yazdığına görə, retro ab-havası hakim geyimlərinə, topa və hətta televiziya yayım qrafikasına da daşınıb. Məhz, buna görə bu tur adi forma təqdimatından çox, bütöv “köhnə dövr futbolu” təəssüratı yaradır.

İnternetdə xüsusilə, “Osasuna” – “Betis” matçının vizual atmosferi diqqət çəkib. Bunun səbəbi də aydındır: “Osasuna”nın retro forması klubun 1980-ci illərin əvvəlindəki komandasına ithaf olunub, “Betis” isə müxtəlif onilliklərin üslub elementlərini birləşdirən klassik görünüş seçib. Köhnə məktəbə bənzədilən hakim forması ilə birlikdə bu matç həqiqətən də sanki başqa futbol dövründən kadr təəssüratı yaradıb.

“La Liqa” bu layihəni sadəcə nostalji oyunu kimi yox, azarkeşləri klub tarixləri ilə yenidən bağlamaq cəhdi kimi təqdim edir. “Euronews” yazır ki, məqsəd həm irsi önə çıxarmaq, həm də müasir futbolda getdikcə güclənən retro və nostalji trendlərindən istifadə etməkdir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930