NASA-nın “Artemis II” missiyası uğurla başa çatıb. “Reuters”-in məlumatına görə, “Orion” kosmik kapsulu “Integrity” adlı aparatla 4 nəfərlik heyəti Yer atmosferinə daxil olaraq Sakit okeana təhlükəsiz eniş edib və bununla da yarım əsrdən sonra insanların Ay yaxınlığına ilk uçuşu tamamlanıb. NASA da 10 aprel tarixli rəsmi materialında splashdown-un, yəni suya enişin uğurla gerçəkləşdiyini təsdiqləyib.
Missiya təxminən 10 gün davam edib. Nəşr yazır ki, heyət Yer ətrafında iki dövrə vurduqdan sonra Ayın yaxınlığından keçərək ümumilikdə 694 mindən çox mil yol qət edib və 252 756 mil məsafə ilə insanlığın Yer kürəsindən indiyədək ən uzaq uçuş rekordunu yeniləyib. Bu, “Apollo 13”-ün rekordunu geridə qoyub.
Ekipaj NASA astronavtları Rid Uayzmen, Viktor Qlover, Kristina Kox və Kanada astronavtı Ceremi Hansendən ibarət olub. Bu missiya ilə Qlover Ay missiyasında iştirak edən ilk qaradərili astronavt, Kox ilk qadın, Hansen isə Ay proqramında yer alan ilk qeyri-amerikalı astronavt kimi tarixə düşüb.
Missiyanın ən riskli mərhələsi Yerə dönüş idi. “Reuters” bildirir ki, kapsul atmosferə səs sürətinin 32 qatı ilə daxil olub, istilik qalxanı təxminən 2760 dərəcə Selsi temperaturuna tab gətirib və planlaşdırılmış radio səssizliyi mərhələsindən sonra paraşütlərlə təhlükəsiz şəkildə suya enib. NASA şərhçiləri enişi “mükəmməl hədəf dəyməsi” kimi qiymətləndiriblər.
Bu uçuş NASA-nın Ay proqramında növbəti böyük mərhələ sayılır. “Artemis II” gələcək insanlı Ay enişləri üçün həm “Orion” kapsulunu, həm də Ay dönüş trayektoriyasında istilik qalxanını real şəraitdə sınaqdan keçirdi. NASA-nın daha geniş planı Ayda uzunmüddətli insan mövcudluğu yaratmaq və bunu gələcək Mars uçuşları üçün baza kimi istifadə etməkdir.









