ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarla bağlı Türkiyəli jurnalist Çetiner Çetinin yaydığı “Araqçi ilə Uitkoff arasında Hörmüz boğazına görə kəskin mübahisə az qala fiziki qarşıdurmaya çevrildi” iddiası hazırda böyük beynəlxalq agentliklər tərəfindən ayrıca təsdiqlənməyib.

“Reuters”-in danışıqlardan sonra yaydığı materiallarda əsas fikir ayrılığının İranın nüvə proqramı və Hörmüz boğazı ətrafında olduğu göstərilir, amma fiziki insident barədə məlumat verilmir.
Bununla belə, danışıqların gərgin keçdiyi təsdiqlənir. “Reuters” görüş zamanı tərəflər arasında “əhval dəyişmələrinin” olduğunu, temperaturun qalxıb-endiyini yazır. Agentliyin məlumatına görə, İran tərəfi ABŞ-ın tələblərini “həddindən artıq”, İran XİN sözçüsü isə atmosferi “etimadsızlıq” şəraiti kimi təsvir edib. Yəni sərt polemika və ciddi fikir ayrılığı var idi, amma “az qala dava oldu” hissəsi hələlik təsdiqlənmiş fakt kimi təqdim oluna bilməz.
Mövzunun mərkəzində doğrudan da Hörmüz boğazı dayanır. Tehran boğaza nəzarət, tranzit haqları, regional atəşkəs və sanksiyalarla bağlı şərtlər irəli sürüb, Vaşinqton isə sərbəst gəmiçiliyi və İranın nüvə imkanlarının məhdudlaşdırılmasını əsas tələb kimi qoyub. Danışıqlar da məhz bu kəskin fərqlər səbəbindən nəticəsiz başa çatıb.