Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan ölkənin dəmir yolu şəbəkəsinin idarə olunması ilə bağlı heç bir məsələni Rusiya Federasiyasının arxasınca müzakirə etmək niyyətində deyil.
O, bu fikri Qazaxıstanın xarici işlər naziri ilə İrəvanda keçirilən görüş fonunda jurnalistlərin Ermənistan dəmir yolunun Rusiya konsessiyasından Qazaxıstana verilməsi ehtimalı barədə sualını cavablandırarkən səsləndirib. Paşinyanın sözlərinə görə, “Rusiyanın arxasınca heç nə etmək niyyətində deyilik” və dialoq üçün imkanlar açıq qaldıqca, iş bu çərçivədə davam etdiriləcək.
MSNews.az xəbəri “Armenpress”-ə istinadən verir.
Paşinyan, eyni zamanda, xatırladıb ki, Ermənistan dəmir yolunun mövcud rus idarəçiliyi regional bağlantı layihələri fonunda ölkənin rəqabət imkanlarını zəiflədə bilər. O, daha əvvəl bəyan etmişdi ki, Ermənistan və Rusiya ilə eyni dərəcədə yaxşı münasibətləri olan üçüncü bir ölkə bu konsessiya hüquqlarını ala bilər. Həmin mümkün ölkələr sırasında Qazaxıstanın da adı çəkilmişdi. Bununla belə, Paşinyan bu variantın yalnız tərəflər arasında qarşılıqlı anlaşma yaranacağı halda mümkün ola biləcəyini demişdi.
Rusiya tərəfi isə hələlik belə bir transfer üzrə danışıqlar aparıldığını təsdiqləmir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 1-də bildirmişdi ki, Moskva Ermənistan dəmir yolunun idarəçilik konsessiyasının Qazaxıstana verilməsi barədə danışıqlar aparmır və 2008-ci ildə imzalanmış saziş qüvvədə qalır.
Bununla yanaşı, Qazaxıstanla dəmir yolu əməkdaşlığı mövzusu gündəmdən çıxmır. Ermənistanın rəsmi mənbələri bildirir ki, İrəvan Astananın da daxil olduğu tərəfdaşlara respublikadan keçən dəmir yolu imkanlarından istifadəni təklif edir. Qazaxıstanın xarici işlər naziri Yermeq Koşerbayevin İrəvana səfəri zamanı tərəflər yeni dəmir yolu bağlantılarının ticarət və iqtisadi əməkdaşlığı genişləndirə biləcəyini vurğulayıblar.