Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib. Görüşdə dövlət başçısı Azərbaycan-Qazaxıstan münasibətlərinin qardaşlıq və əməkdaşlıq ruhunda uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev dövlət başçılarının qarşılıqlı səfərlərinin, müxtəlif səviyyəli nümayəndə heyətlərinin təmaslarının xalqları və ölkələri daha da yaxınlaşdırdığını bildirib.
Prezident İlham Əliyev birgə investisiya fondunun imkanlarından tam istifadə olunacağına ümidvarlığını ifadə edib, artıq bir neçə layihənin işlənmə mərhələsində olduğunu qeyd edib. O, həmçinin Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına diqqət çəkib.
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev görüş zamanı Prezident Kasım-Jomart Tokayevin salamlarını İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti salamlara görə təşəkkür edərək, onun da salamlarının Qazaxıstan liderinə çatdırılmasını xahiş edib. Qonaq, eyni zamanda, Qazaxıstanda Azərbaycan Prezidentinə böyük hörmətlə yanaşıldığını bildirib.
Görüşdə siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiya, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələri xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycan-Ermənistan normallaşma prosesi və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından önəmi də diqqətə çatdırılıb.




