Uels millisinin sabiq kapitanı və “Arsenal”ın keçmiş yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Uels Futbol Assosiasiyasının yaydığı bəyanatda Ramsey qərarın onun üçün asan olmadığını bildirib və rəsmi şəkildə futboldan getdiyini elan edib.
Remzi vida mesajında əvvəlcə Uels yığmasına, daha sonra isə çıxış etdiyi bütün klublara təşəkkür edib. O, “bütün karyerası boyunca oynamaq şansı qazandığı klublara” minnətdarlığını ifadə edib, həmçinin məşqçilərə, klub əməkdaşlarına və ailəsinə xüsusi təşəkkürünü çatdırıb.
35 yaşlı futbolçu təxminən 20 illik peşəkar karyerasını tamamlayır. “Sky Sports“-un məlumatına görə, Remzi klub və milli komanda səviyyəsində 600-dən çox oyunda iştirak edib. UFF isə onun Uels millisində 86 oyuna çıxaraq 21 qol vurduğunu, ölkəsini üç böyük turnirdə təmsil etdiyini və “qızıl nəsil”in əsas simalarından biri olduğunu vurğulayıb.
Remzinin karyerasının ən parlaq dövrü “Arsenal”da keçib. UFF-nın xatırlatdığına görə, o, London klubunda üç dəfə İngiltərə Kubokunu qazanıb və 2014, 2017-ci illərin finallarında qələbə qollarını vurub. Sonrakı illərdə isə “Yuventus”, “Reyncers”, “Nitsa”, yenidən “Kardiff Siti” və sonda Meksikanın UNAM klubunda çıxış edib.
Onun son klubu UNAM olub. Remzinin Meksika təmsilçisi ilə müqaviləsi 2025-ci ilin oktyabrında başa çatıb və o vaxtdan klubsuz idi.