“Addım-addım Vətəndə” layihəsi Qazaxda davam edib

Bakı Uşaq və Gənclər Teatrının “Addım-addım Vətəndə” layihəsinin yeddinci səfəri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda keçirilib.

91

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində bölgə teatrları ilə əməkdaşlığını davam etdirir. “Açıq qapı” prinsipi əsasında həyata keçirilən layihənin sayca yeddinci səfəri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda təşkil olunub.

Qələbəmizin 5 illiyinə həsr edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Açılış zamanı Bakı Uşaq və Gənclər Teatrının nümayəndəsi Mehman Piriyev çıxış edərək hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdikləri beynəlxalq və yerli festivallar barədə məlumat verib.

Tədbirdə Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan və Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini müvəqqəti icra edən Allahverdi Musayev də çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu təşəbbüs teatrlar arasında yaradıcı əməkdaşlığın möhkəmləndirilməsi, bölgələrdə mədəni mühitin daha da canlandırılması və tamaşaçı auditoriyasının genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Proqram çərçivəsində Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında musiqi nömrəsi və “İşaxtaran qız” tamaşasından parça təqdim olunub. Bakı Uşaq və Gənclər Teatrı isə öz repertuarından “Sevgi Şimşəyi”“Arvadım olun” tamaşalarından səhnəciklərlə çıxış edib. Eyni zamanda, Tofiq İsgəndərlinin təqdimatında illuziya nömrələri də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı tərəfindən Qazax Dövlət Dram Teatrına təşəkkürnamə təqdim edilib. Qazax Dövlət Dram Teatrı da öz növbəsində layihənin yüksək səviyyədə təşkilinə görə Bakı Uşaq və Gənclər Teatrını təşəkkürnamə ilə təltif edib.

Qeyd edək ki, “Addım-addım Vətəndə” layihəsi daha əvvəl Lənkəran, Qusar, Horadiz, Quzanlı, Sumqayıt Gəncə şəhərlərində də uğurla reallaşdırılıb. Layihəyə teatr ilinin sonunda Bakıda bölgə teatrlarının iştirakı ilə festival keçirilməklə yekun vurulması nəzərdə tutulur.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.