Tramp köməkçiləri ilə NATO-dan çıxmağı müzakirə edib

"WSJ" yazır ki, İran müharibəsi fonunda ABŞ-Avropa münasibətləri “dönüş nöqtəsi”nə çatıb və Donald Tramp köməkçiləri ilə NATO-dan çıxmaq imkanını müzakirə edib. Reuters isə Trampın bunu açıq şəkildə nəzərdən keçirdiyini təsdiqləyir. 

28

The Wall Street Journal yazır ki, İran müharibəsi fonunda ABŞ ilə Avropa arasında transatlantik münasibətlər kəskin şəkildə pisləşib və Vaşinqton-Brüssel xətti “dönüş nöqtəsi”nə yaxınlaşıb. Nəşrin məlumatına görə, Prezident Donald Tramp avropalı müttəfiqlərin ABŞ-İsrail hərbi kampaniyasına qoşulmamasından ciddi narazıdır və köməkçiləri ilə NATO-dan çıxmaq imkanını da müzakirə edib. Nəşr qeyd edir ki, bu, İkinci Dünya Müharibəsindən sonra qurulmuş Amerika qlobal strategiyasından mümkün uzaqlaşma kimi qiymətləndirilir. 

Tramp 1 aprel tarixində alyansdan çıxmağı “tamamilə, heç bir şübhə olmadan” nəzərdən keçirdiyini açıq deyib. O, NATO üzvlərinin Hörmüz boğazının açılması üçün gəmilər göndərməkdən imtina etməsindən sonra ittifaqın dəyərini sual altına qoyub və avropalı müttəfiqlərə qarşı “disgust” ifadəsini işlədib.

Əsas fikir ayrılığı ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarını Avropanın dəstəkləmək istəməməsi ilə bağlıdır. Fransa, İtaliya və xüsusən İspaniya ABŞ hərbi əməliyyatları üçün hava məkanı və baza istifadəsi məsələsində məhdudiyyətlər qoyub və ya əvvəlki siyasəti sərtləşdirib. Avropa paytaxtları bildirirlər ki, NATO-nun əsas funksiyası Avro-Atlantik məkanın müdafiəsidir, Hörmüz boğazında və ya İran müharibəsində hücum xarakterli əməliyyatlar yox.

Məsələni daha da kəskinləşdirən başqa detal isə ABŞ müdafiə rəhbərliyinin ritorikasıdır. “Reuters” yazır ki, müdafiə naziri Pit Heqset NATO-nun kollektiv müdafiə öhdəliyinə ABŞ-ın bağlılığını birbaşa təsdiqləməkdən yayınıb və bunun prezidentin qərarı olduğunu deyib. Bu, Avropada ABŞ-ın NATO öhdəliklərinin etibarlılığı ilə bağlı narahatlığı artırıb.