ABŞ-ın Arizona ştatında 13 yaşında itkin düşən Kristina Meri Plante 32 ildən sonra sağ tapılıb. O, 1994-cü ildə atına baxmaq üçün evdən çıxandan sonra yoxa çıxmışdı və işi uzun illər “şübhəli itkin” kimi açıq qalmışdı.
Xəbərdə bildirilir ki, Arizonanın Star Valley qəsəbəsində itkin düşən Plantenin izinə Gila County Şerif Ofisinin “Cold Case” bölməsi tərəfindən aparılan yeni araşdırma zamanı rast gəlinib. Müasir texnologiya və inkişaf etmiş DNT analizləri sayəsində onun kimliyi 32 il sonra təsdiqlənib. Şeriflik rəsmi açıqlamasında Kristina Plantenin sağ olduğunun müəyyən edildiyini vurğulayıb.
Məqalədə qeyd olunur ki, hazırda 45 yaşı olan qadının bu illər ərzində harada yaşadığı və niyə ailəsi ilə əlaqə saxlamadığı açıqlanmır. Bu barədə məlumatların paylaşılmaması şəxsi həyatın gizliliyi və psixoloji vəziyyətlə əlaqələndirilir.
Qeyd olunur ki, ailə bir vaxtlar onun adına hətta məzar da hazırlamışdı. Ona görə də 32 ildən sonra sağ tapılması həm ictimaiyyətdə, həm də oxşar hadisələrlə yaşayan minlərlə ailə üçün böyük rezonans doğurub. Hadisə bəzi mənbələrdə “möcüzəvi dönüş” kimi qiymətləndirilir.