Rusiyada böyük bank nasazlığı baş verdi

Rusiyanın aparıcı bank və ödəniş sistemlərində geniş texniki nasazlıq qeydə alınıb. "Sberbank" problemi təsdiqləyib, Moskva metrosunda turniketlər bir müddət sərnişinləri pulsuz buraxıb. 

32

Rusiyada 3 aprel günorta saatlarında bank və ödəniş xidmətlərində geniş texniki nasazlıq baş verib. “Reuters“-in məlumatına görə, problem xüsusilə Moskva və ətraf bölgələrdə gündəlik həyatı pozub: mağazalar və yanacaqdoldurma məntəqələri müştərilərdən nağd ödəniş istəyib, Moskva metrosunda turniketlər bir müddət sərnişinləri ödənişsiz buraxıb, Belqoroddakı zoopark isə ziyarətçilərdən yalnız nağd ödəniş qəbul etdiyini bildirib. “Sberbank” sonradan nasazlığın aradan qaldırıldığını açıqlayıb, amma səbəb barədə detal verməyib. 

Rusiya mediasına istinadən “AZƏRTAC” yazır ki, istifadəçi şikayətləri təkcə “Sberbank”la məhdudlaşmayıb. “Detector404”, “Sboy.rf” və “Downdetector” məlumatlarına görə, SBP (Sürətli Ödənişlər Sistemi), T-Bank, VTB, Ozon Bank və Alfa-Bank müştəriləri də kartla, QR-kod və blutuz vasitəsilə ödəniş, pul köçürməsi və nağd pul çıxarılması ilə bağlı problemlərdən şikayət ediblər. Şikayətlərin əsas hissəsi Moskva, Sankt-Peterburq, eləcə də Sverdlovsk, Samara və Novosibirsk vilayətlərindən gəlib.

“Mir” ödəniş sisteminin operatoru bildirib ki, nasazlıq “banklardan birinin tərəfində” baş verib və Milli Ödəniş Kartı Sisteminin öz infrastrukturu normal işləyib. “Sberbank” da kart ödənişlərində çətinlik olduğunu təsdiqləyib. Rusiya Mərkəzi Bankı hadisə ilə bağlı sorğuya dərhal cavab verməyib.

Nasazlığın dəqiq səbəbi hələ rəsmi şəkildə açıqlanmayıb. Bununla yanaşı, bəzi rus nəşrləri və “Forbes”-ə danışan mənbələr problemin internet bloklama mexanizmləri və filtrasiya avadanlığının yüklənməsi ilə bağlı ola biləcəyini irəli sürürlər, amma bu versiya rəsmi təsdiq almayıb. Bu ehtimal son həftələrdə Rusiyada mobil internet məhdudiyyətlərinin və onlayn nəzarətin gücləndirilməsi fonunda səslənir.