“Atletiko”nun futbolçusu Markos Llorente günəşdən qoruyucu vasitələrə qarşı mövqeyini bu dəfə daha qalmaqallı formada nümayiş etdirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə o, üzərində “biologiyanıza tam qoruma” və “1985-dən bəri D vitaminini bloklayır” kimi yazılar olan günəş spreyi kostyumunda görünür. Bu paylaşım “DAZN Futbol” səhifəsində də yer alıb.

Llorentenin günəş kremi əleyhinə çıxışları yeni deyil. İspaniya mediası yazır ki, o, daha əvvəl də günəş kremindən istifadə etmədiyini, bunu “təbii həyat tərzi” ilə əsaslandırdığını demişdi və bu açıqlamalar həkimlərin sərt tənqidi ilə qarşılanmışdı.
Bu mövqe tibbi baxımdan ciddi etiraz doğurur. “RTVE”-nin fakt-yoxlama materialında vurğulanır ki, günəşdən qorunmadan uzun müddət şüalanmaya məruz qalmaq dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır. Mənbədə qeyd olunur ki, “D” vitamini arqumenti qoruyucu vasitələrdən tam imtina üçün əsas sayılmır.