Husilər Bab əl-Məndəbi bağlamaqla hədələyir

Yəməndəki husilər Bab əl-Məndəb boğazının ABŞ və İsraillə əlaqəli gəmilər üçün bağlanmasını mümkün variant kimi gündəmə gətirib. Boğazın bağlanması qlobal ticarət və enerji bazarları üçün ciddi risk sayılır.

39

Yəməndəki husi hərəkatı Bab əl-Məndəb boğazının ABŞ və İsraillə əlaqəli gəmiçilik üçün bağlanması ehtimalını yenidən gündəmə gətirib.

Anadolu Agentliyi“nin yaydığı məlumata görə, husi rəsmisi Məhamməd Mənsur bildirib ki, İran-ABŞ-İsrail qarşıdurması dərinləşərsə, “Qırmızı dəniz, Ədən körfəzi və Bab əl-Məndəb” variantlar arasında olacaq.

İran və husi tərəfinə yaxın mediada daha sərt mesajlar da verilib. “Press TV“-nin məlumatına görə, husi komandiri Abed al-Tavr ABŞ və İsrailə qarşı dəniz blokadasının, eləcə də Bab əl-Məndəbin bağlanmasının mümkün addımlar arasında olduğunu deyib. Bununla belə, hazırda boğazın faktiki bağlanması barədə rəsmi elan yoxdur; söhbət hələlik təhdid və mümkün ssenaridən gedir.

Bu xəbərdarlıq təsadüfi sayılmır. “Associated Press” yazır ki, husilərin İsrailə raket zərbələrindən sonra Bab əl-Məndəbdə yenidən gəmi hücumlarının başlanacağı ilə bağlı narahatlıq artıb. Agentliyin məlumatına görə, dünya ticarətinin təxminən 12 faizi bu marşrutdan keçir, boğazın eni isə ən dar nöqtədə təxminən 32 kilometrdir. Nəşr həmçinin qeyd edir ki, qlobal konteyner ticarətinin təxminən dörddə biri də bu xətt və Süveyş kanalı üzərindən hərəkət edir.

İqtisadi təsir baxımından əsas risk ondan ibarətdir ki, Bab əl-Məndəbdə təhlükə artsa, tanker və konteyner gəmiləri yenidən Afrikanın cənubundan, Ümid burnu ətrafı ilə hərəkət etməyə məcbur qala bilər. “Reuters“-in bugünkü materialına görə, daşıyıcılar artıq bu marşrut dəyişikliyinə görə 10-14 gün əlavə vaxt və daha yüksək daşınma xərcləri ilə üzləşirlər. Neftin 150-200 dollar/barrel həddinə yüksəlməsi barədə proqnozlar da səslənir, amma nəşrin son yazılarında bu rəqəmlər təkcə Bab əl-Məndəbin deyil, ümumilikdə Yaxın Şərqdə genişlənən müharibə, Hörmüz böhranı və enerji infrastrukturuna mümkün yeni zərbələr fonunda verilən ssenari xəbərdarlıqları kimi təqdim olunur.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.