Tottenhemdə Tudor dönəmi bitdi

“Tottenhem Hotspur” İqor Tudorlə yollarını ayırıb. London klubu Premyer Liqada 17-ci pillədədir və enmə zonasından cəmi bir xal öndə qərarlaşıb.

9

“Tottenhem Hotspur” baş məşqçi İqor Tudorlə yollarını ayırdığını açıqlayıb. Klubun bəyanatına görə, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dərhal dayandırıblar.

Xorvatiyalı mütəxəssisin gedişi “Spurs”u Premyer Liqada 17-ci pillədə, enmə zonasından cəmi bir xal yuxarıda qoyur. Bu, klub üçün 1977-ci ildən bəri ilk dəfə Çempionşipə düşmək təhlükəsini real edib.

Tudor cəmi beş həftə əvvəl Tomas Frankın gedişindən sonra vəziyyəti sabitləşdirmək üçün müvəqqəti baş məşqçi kimi gətirilmişdi. Lakin onun rəhbərliyi altında komanda 7 oyunda cəmi 1 qələbə qazana bildi. Kub onun ayrılığı ilə bağlı açıqlamada həm də Tudora atasının vəfatı ilə bağlı başsağlığı verib.

47 yaşlı məşqçinin dönəmi uğursuz nəticələrlə yadda qaldı. Onun ilk oyunu “Arsenal”a qarşı 1:4 hesablı ağır məğlubiyyətlə başladı, daha sonra “Fulhem”, “Kristal Peles” və “Nottingem Forest”lə oyunlarda da xal itkisi yaşandı. Xüsusilə “Forest”ə 0:3 hesablı ev məğlubiyyəti həm azarkeşlərin, həm də klub rəhbərliyinin səbrini tükəndirən əsas nəticə kimi göstərilir. “Tottenhem” Premyer Liqada son qələbəsini dekabrın 28-də səfərdə “Kristal Peles” üzərində qazanıb və o vaxtdan bəri çempionatda 13 oyundur qalib gələ bilmir.

Azarkeş narazılığı da son həftələrdə açıq şəkildə hiss olunurdu. Bu ay “Kristal Peles”lə oyunda çoxsaylı azarkeşlər komanda qısa vaxtda üç qol buraxdıqdan sonra fasilədə stadionu tərk etmişdi. “Liverpul”la heç-heçə və Çempionlar Liqasında “Atletiko Madrid” üzərində 3:2 hesablı qələbə müəyyən ümid yaratsa da, ümumi böhranı dayandırmaq mümkün olmadı.

Hazırda “Tottenhem”in Premyer Liqada statusunu qorumaq üçün 7 oyunu qalıb. Komandanın növbəti görüşü aprelin 12-də səfərdə “Sanderlend”ə qarşı olacaq. Klub yeni baş məşqçi ilə bağlı qərarın daha sonra açıqlanacağını bildirib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
29 mart 2026