Hörmüz boğazından cavabdeh komandan öldürüldü

ABŞ-İsrail-İran qarşıdurmasının 27-ci günündə Hörmüz boğazı ilə bağlı əsas fiqurlardan sayılan Əlirza Təngsirinin öldürüldüyü iddia edilib. Bölgədə partlayışlar və gərginlik davam edir.

97

ABŞ, İsrail və İran arasında müharibənin 27-ci günündə SEPAH-ın hərbi dəniz qüvvələrinin komandanı, Hörmüz boğazının bağlanmasına cavabdeh olan kontr-admiral Əlirza Təngsiri öldürülüb.

MSNews.az İsrail mediasına istinadən xəbər verir ki, Əlirza Təngsiri Bəndər-Abbasda hava zərbəsi nəticəsində öldürülüb. Məlumata əsasən, Təngsiri Hörmüz boğazının bağlanması və İran nəzarətində keçidlərin təmin olunmasında əsas fiqurlardan biri sayılırdı. İran tərəfi isə bu iddia ilə bağlı hələlik rəsmi təsdiq verməyib.

Həmçinin qeyd olunur ki, İsrail hökuməti İranla böhran fonunda 400 minədək ehtiyat hərbçinin səfərbər olunmasına razılıq verib. Ağ Evdən verilən açıqlamada İranın “məğlubiyyəti qəbul etməli olduğu” bildirilib, İranın xarici işlər naziri Abbas Araqçi isə Vaşinqtonla danışıqların mümkün olmadığını bəyan edib.

Canlı yenilənən məlumatlara görə, İranın İsfahan şəhərində güclü partlayış səsləri eşidilib, Lamerd hava limanının vurulduğu iddia olunub. Bundan başqa, İsrail mediası Hizbullahın raket hücumundan sonra Təl-Əviv ətrafında sirenaların işə düşdüyünü, hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini yazıb.