Kulinariya diplomatiyası: yeməklə bağlı maraqlı siyasi qalmaqallar

Dünya siyasətində kulinariya diplomatiyası: Putin və Merkel arasında pivə və balıq jesti, Trampın salat hadisəsi, Koreya sammitinin menyusu və diplomatik qalmaqallara səbəb olan digər yemək hadisələri.

39

Dünya siyasətində diplomatik münasibətlər bəzən rəsmi bəyanatlardan deyil, yemək və kulinariya jestlərindən də təsirlənə bilir.

MSNews.az-ın təqdimatında hazırlanan bu materialda müxtəlif ölkələrin liderləri ilə bağlı tarixdə maraqlı və bəzən qalmaqallı kulinariya hadisələri təsvir olunub.

Balıq qarşılığında pivə

2018-ci ilin martında Rusiya prezidenti Vladimir Putin jurnalist Andrey Kondraşova verdiyi müsahibədə bildirmişdi ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bəzən ona Almaniyanın məşhur Radeberger pivəsini göndərirdi. Bu pivə 1872-ci ildən Saksoniyanın Radeberq şəhərində istehsal olunur və vaxtilə Saksoniya kralı III Fridrix Avqust və Almaniyanın “dəmir kansleri” Otto fon Bismarkın sevimli içkisi hesab edilirdi. Jurnalistlər məsələni Merkelə xatırladanda o, gülümsəyərək cavab vermişdi ki, Putin də bir dəfə ona hisə verilmiş balıq göndərmişdi.

“Reks, salat ye!”

ABŞ  prezidenti Donald Trampın ekssentrik davranışları tez-tez mediada müzakirə olunub. “The Wall Street Journal” qəzeti 2017-ci ilin noyabrında yazmışdı ki, Asiya turu zamanı Tramp ABŞ-nin o zamankı dövlət katibi Reks Tillersonu süfrədə qalan salatı yeməyə çağırıb.

Çin tərəfi ABŞ nümayəndə heyəti üçün rəsmi nahar təşkil etmişdi. Tramp salatın toxunulmamış qaldığını görərək ev sahiblərinin xəcalət çəkəcəyindən narahat olub və Tillersona zarafatla “Reks, salat ye” deyib. Tillerson isə buna yalnız gülməklə cavab verib.

Menyu siyasi mesaj kimi

2018-ci ildə Sinqapurda keçirilən ABŞ–Şimali Koreya sammiti də kulinariya diplomatiyasının maraqlı nümunələrindən biri kimi yadda qalıb. Donald Tramp və Kim Çen In arasında keçirilən görüş ərəfəsində şəhərdəki restoran və barlar xüsusi “sammit menyuları” hazırlamışdılar.

Menyuda “Sammit” adlı Koreya buzlu çayı, “Tramp-Kim burgeri”, “Raket adam” adlı tako və “Sülh burgeri” kimi təamlar təqdim olunurdu. Hətta menyularda “Tramp” və “Kim” adlarını daşıyan kokteyllər də yer almışdı.

Desert üzərində diplomatik mübahisə

Cənubi və Şimali Koreya liderlərinin sammiti zamanı təqdim edilən desert də diplomatik mübahisəyə səbəb olmuşdu. Ağ şokoladla bəzədilmiş manqo mussunun üzərində vahid Koreya xəritəsi və Tokto adaları təsvir edilmişdi.

Bu adalar Cənubi Koreyanın nəzarətində olsa da, Yaponiya da həmin ərazilərə iddia edir. Nəticədə Yaponiya bu jestə etiraz edərək Cənubi Koreyanın Tokiodakı səfirini Xarici İşlər Nazirliyinə çağırmışdı.

Şokolad qalmaqalı

2016-cı ildə Xorvatiya ilə Sloveniya arasında da maraqlı kulinariya qalmaqalı yaşanmışdı. Yeni il ərəfəsində Sloveniyadakı Xorvatiya səfirliyi dövlət qurumlarına şokolad qutuları göndərmişdi.

Qutuların üzərində mübahisəli Piran körfəzi Xorvatiyanın sərhədləri daxilində göstərilmişdi. Bu addım Sloveniya tərəfinin narazılığına səbəb olmuşdu. Sloveniya hökuməti şokoladları geri qaytararaq qutuların üzərinə “Mən Sloveniyanı hiss edirəm” yazılmış paketlər yerləşdirmişdi.

Kürü səbəbilə xəcalət

2014-cü ildə Fransa prezidenti Fransua Olland ABŞ-a səfəri zamanı rəsmi yeməkdə təqdim olunan qara kürü ilə bağlı qeyri-adi vəziyyətlə üzləşmişdi.

ABŞ prezidenti Barak Obama ilə təşkil olunan rəsmi ziyafətdə menyuya Illinois ştatından gətirilmiş osetrin kürüsü daxil edilmişdi. Lakin Fransada sosialistlərə yönəlik “sol kürü” ifadəsi mövcud olduğundan bu hadisə Olland üçün siyasi baxımdan narahat situasiya yaratmışdı.

“Sol kürü” (fransızca “gauche caviar”, ingiliscə “caviar left”) ifadəsi,  özünü solçu, sosialist və ya bərabərlik tərəfdarı kimi təqdim edən, amma eyni zamanda, çox varlı, elit və lüks həyat tərzi yaşayan şəxslər haqqında deyilir. Yəni bu ifadə bir növ ikiüzlü və ya paradoksal vəziyyəti göstərmək üçün işlədilir.

Çəkmə içində desert

2018-ci ildə İsrailə səfər edən Yaponiya baş naziri Sindzo Abe üçün təşkil olunan rəsmi yeməkdə desert çəkmə formasında qabda təqdim olunmuşdu.

Yaponiyada ayaqqabı mədəniyyət baxımından xüsusi həssas mövzu sayıldığından bu jest Tokioda narazılıq doğurmuşdu. Bir israilli diplomat hadisəni “diplomatik baxımdan uğursuz addım” kimi qiymətləndirmişdi.